SİYASƏT
BAKIDA AVROPA İTTİFAQI AVROPA KOMİSSİYASININ NÜMAYƏNDƏLİYİ AÇILMIŞDIR
Avropa Komissiyasının xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı xanım Benita Ferrero-Valdner demişdir: “Avropa İttifaqının Avropa Komissiyasının Bakıda nümayəndəliyinin açılması bizim üçün sevindirici və eyni zamanda, mühüm hadisədir. Bu, Aİ ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin göstəricisidir və ümidvaram ki, əməkdaşlığın dayaq nöqtəsinə çevriləcəkdir. Eyni zamanda, ofis əhali üçün də açıq olacaqdır”.
Avropa komissarı bildirmişdir ki, bu əlamətdar hadisə regionda nümayəndəliklər şəbəkəsini inkişaf etdirməyə imkan verir. Bildirilmişdir ki, nümayəndəliyə Avropa İttifaqının Azərbaycandakı təmsilçisi Allan Uaddams rəhbərlik edəcəkdir.
Baş nazirin müavini Abid Şərifov qonaqları hökumət adından səmimi salamlayaraq demişdir ki, biz bu xoş hadisəni 10 il gözləmişik. O əmin olduğunu bildirmişdir ki, Avropa Komissiyası nümayəndəliyinin açılması Azərbaycan həqiqətlərinin Avropada yayılmasına, öhdəliklərin yerinə yetirilməsinə kömək edəcəkdir.
Aİ-də sədrlik edən Sloveniyanın xarici işlər naziri Dmitri Rupel vurğulamışdır ki, Azərbaycan Avropa üçün çox vacib ölkədir.
Nümayəndəliyin açılışında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri,
KİV-lərin nümayəndələri iştirak etmişlər.