SİYASƏT
Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyası işə başlamışdır
Bakı, 24 fevral (AZƏRTAC, Anar Rzayev). Fevralın 24-də Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) növbəti qış sessiyası işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, sessiya martın 1-dək davam edəcəkdir. “Şərq tərəfdaşlığının perspektivləri” mövzusuna həsr edilmiş sessiyada təhlükəsizlik təhdidləri, Avratlantik zonanın təhlükəsizliyi və sabitliyi, NATO ilə tərəfdaşlıq münasibətləri, beynəlxalq təhlükəsizlik sahəsində yeniliklər və s. məsələlər müzakirə edilir.
Sessiyanın açılışında çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizin NATO ilə səmərəli əməkdaşlıq etdiyini, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını söyləmiş, tədbirin əhəmiyyətini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Əzimov bu məsələdə ölkəmizin prinsipial mövqeyinin dəyişilməz qaldığını qeyd etmişdir.
NİSA-nın icraçı direktoru Tural Əhmədov Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarında fəal iştirak etdiyini və bu əməliyyatlarda daim NATO-ya dəstək verdiyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası ilə NATO arasında əməkdaşlıq mühüm prinsiplərə və qarşılıqlı maraqlara əsaslanır. Avropa və Avratlantik məkanlarda sabitliyi qorumaq, mövcud münaqişələri və mümkün təhlükələri aradan qaldırmaq üçün birlikdə çalışmaq bu əməkdaşlığın əsas prinsipləridir.
Sessiyanın birinci panelində “Postsovet ölkələrinin müstəqilliyi: NATO və Avropa İttifaqı ilə əməkdaşlıq”, “Suverenlik və müstəqil seçim hüququ: Şərq və ya Qərb”, “Həlli uzanan münaqişələr geosiyasi rəqabətin əlamətidirmi?”, “MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı: Rusiyanın ilkin inteqrasiya cəhdləri” mövzularında müzakirələr aparılmışdır.
Bu paneldə Bakı Dövlət Universitetinin müəllimi Bəxtiyar Aslanbəyli, Xəzər Universitetinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Muxtar Hacızadə məruzəçi qismində çıxış etmişlər.
Sessiyada dünyanın bir çox ölkələrindən tədqiqatçılar, ekspertlər, Avropanın, Rusiyanın, ABŞ-ın nüfuzlu universitetlərinin nümayəndələri, diplomatlar və yerli mütəxəssislər iştirak edirlər.
NİSA 2003-cü ildən başlayaraq müxtəlif mövzularda yay və qış sessiyaları keçirir. Sessiyaların əsas məqsədi Azərbaycanı narahat edən problemləri cəmiyyətə çatdırmaq, bununla bağlı müxtəlif ölkələrin ekspertlərinin rəylərini dinləməkdir.