Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib VİDEO






Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də Azərbaycan Respublikası ilə Venesuela Bolivar Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təntənəli konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Konsert proqramından əvvəl çıxış edən Venesuelanın ölkəmizdəki səfiri Kristofer Martinez Berroteran tədbirin əhəmiyyətindən söhbət açıb. Səfir bildirib ki, xalqlarımızı bir-birinə yaxınlaşdıran mədəni körpülər sayəsində belə tədbirlər xüsusi önəm daşıyır. “Xalqlarımız 1995-ci ildən etibarən dostluq və qarşılıqlı əməkdaşlıq yollarını birləşdirib. Bu illər ərzində xalqlarımızın rifahı naminə qazanılan qələbələr olub. Biz ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə sadiqik. Azərbaycanın COP29-da Sədrliyinə və iqlim dəyişikliyi ilə mübarizədə liderliyinə dəstəyimizi bir daha qeyd edirik. Ticarət və enerji kimi sahələrdə əlaqələrimizi inkişaf etdirməyə, Cənub-Cənub əməkdaşlığı çərçivəsində əlaqələrimizi canlandırmaq öhdəliyimizi bir daha təsdiqləyirik. Coğrafi baxımdan bir-birimizdən uzaqda olsaq da, dostluğumuz yaxındır. Bu əlamətdar tarix bizə böyük sevinc və qürur hissi yaşadır”, - deyə diplomat əlavə edib.
Daha sonra musiqi proqramı təqdim olunub.
Konsertdə orkestri dirijor Üzeyir Məmmədov və maestro Xesus Uskategi idarə ediblər. Bəstəkarların Pyotr Çaykovskinin “Simli alətlər üçün serenada”, Üzeyir Hacıbəylinin milli musiqimizin poeziyasını əks etdirən “Arazbarı”, İkser Mixaresin “Elegia Op.11”, Qara Qarayevin “Ayşənin rəqsi”, Xuan Bautista Plazanın “Fuga Criolla” əsərləri səsləndirilib.
İfa olunan əsərlər dinləyiciləri həm klassik musiqisinin incəlikləri, Azərbaycan və Venesuela musiqisinin bənzərsiz çalarları ilə vəhdətdə qoyub.