BAKIDA BEYNƏLXALQ İCTİMAİ NƏQLİYYATLAR İTTİFAQININ 84-CÜ ASSAMBLEYASININ İCLASI İŞƏ BAŞLAMIŞDIR
Mayın 12-də başlanmış və 13-də davam edəcək iclasda 9 sessiya üzrə müasir beynəlxalq nəqliyyatın mövcud problemləri müzakirə olunur. İclas iştirakçıları, qonaqlar və Bakı Metropoliteninin əməkdaşları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmişdir.
İclas iştirakçıları Şəhidlər xiyabanına gələrək Vətən uğrunda həlak olanların məzarları üzərinə gül-çiçək düzmüş, onların xatirəsini ehtiramla yad etmişlər.
Beynəlxalq İctimai Nəqliyyatlar İttifaqının 84-cü Assambleyasının ilk sessiyasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirmişdir ki, ittifaq müasir ictimai nəqliyyat növləri üzrə dünya ekspertidir və hazırda özündə dünyanın 161 metropolitenini birləşdirir. İclasda əsas müzakirə mövzusu metropolitenin işinin təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq təcrübəyə əsasən istismarı yüngülləşdirən metodların tətbiqi olacaqdır. Bu baxımdan konfransın əhəmiyyəti böyükdür. Əsas məqsəd dünya metropolitenləri arasında texniki proseslər sahəsində təcrübə mübadiləsinin təşkilidir. Harada yeniliklər varsa, onlar öyrənilir və qabaqcıl sistem işdə tətbiq olunur. Bunlar hamısı yüksək səmərə verir və bu təkliflər Bakı Metropoliteni tərəfindən də tətbiq ediləcəkdir.
Sessiyada çıxış edən Baş nazirin müavini Abid Şərifov Azərbaycan hökumətinin son illər nəqliyyat sahəsində reallaşdırdığı layihələr barədə məlumat vermişdir.
Çıxışlarda konfransın Bakıda təşkilinin maraqlı olduğu, yerli nəqliyyatın hazırkı vəziyyəti və metro stansiyaları ilə tanışlığın yenilik olacağı bildirilmişdir.
Beynəlxalq İctimai Nəqliyyatlar İttifaqının Prezidenti Roberto Kavalieri bildirmişdir ki, Assambleyanın iclasının Bakıda keçirilməsindən çox məmnundur. Çünki Bakı müasir dövrün sürətlə böyüyən şəhərlərindəndir. Böyüyən şəhərin nəqliyyat sistemində inkişaf da göz qabağındadır.
İki gün davam edəcək tədbir zamanı qonaqların şəhər gəzintisi və metro stansiyaları ilə tanışlığı da nəzərdə tutulmuşdur.