BAKIDA BEYNƏLXALQ YÜKDAŞIMALAR ÜZRƏ REGİONAL SEMİNAR ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 21-də Bakıda beynəlxalq yükdaşımalar üzrə regional seminar öz işinə başlamışdır.
MDB məkanında ilk dəfə Azərbaycanda keçirilən seminarda yerli mütəxəssislərlə yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nümayəndələri də iştirak edirlər.
Seminar iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə güllər qoymuşlar.
Sonra qonaqlar Şəhidlər xiyabanına gedərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzmüşlər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 1998-ci ildən Beynəlxalq Yükdaşımalar Konvensiyasına üzv olan ölkəmizin beynəlxalq yükdaşımaların mühüm bölgəsi olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, cari ilin 4 ayında ölkəmizdə beynəlxalq yükdaşımaların həcmi 9 milyon 421 ton təşkil etmişdir ki, bunun da 2 milyon 261 min tonu tranzit daşımaların payına düşmüşdür.
Beynəlxalq Yükdaşımalar Katibliyinin nümayəndəsi Artur Bouten 1975-ci ildə yaradılan konvensiyasının üstünlüklərindən danışmış, onun milli və regional iqtisadiyyatın inkişafına müsbət təsirləri barədə məlumat vermişdir.
Beynəlxalq Avtonəqliyyat İttifaqının təmsilçisi Marek Retelski beynəlxalq yükdaşımaların kitabları əsasında daşınmaların daha təhlükəsiz və rahat həyata keçirildiyini bildirmiş, bu sistemin qlobal ticarətin və nəqliyyatın inkişafına xidmət etdiyini vurğulamışdır.
Üç gün davam edəcək seminarda müxtəlif mövzularda mühazirələr dinləniləcək, geniş fikir mübadiləsi aparılacaqdır.