Bakıda birinci Azərbaycan-Belarus beynəlxalq konfransı keçiriləcək
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində yerinə yetirilən elmi-tədqiqat layihələri üzrə bir il ərzində əldə olunan elmi nəticələrlə bağlı məruzə dinləniləcək, müzakirələr aparılacaq, birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri üzrə məsləhət və tövsiyələr veriləcək.
Konfransdan əvvəl Belarus Respublika Fundamental Tədqiqatlar Fondu (BRFTF) ilə EİF-in birgə qrant komissiyasının iclası keçiriləcək, ikinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin təşkili və keçirilməsi üzrə məsləhətləşmələr aparılacaq, müsabiqənin prioritetləri, keçirilmə tarixi, ekspertiza işinin təşkili ilə bağlı məsələlər müzakirə olunaraq razılaşdırılacaq. Həmin müsabiqənin konfrans ərəfəsində elan olunması planlaşdırılır.
Qeyd edək ki, 2012-ci il sentyabrın 28-də Minsk şəhərində EİF ilə Belarus Milli Elmlər Akademiyası və BRFTF arasında əməkdaşlıq haqqında beynəlxalq Saziş imzalanıb. Bu məsələ Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının müxtəlif illərdə keçirilmiş iclaslarının protokollarına da daxil edilib. Sazişə əsasən, EİF iki ölkə alimlərindən ibarət müvəqqəti yaradıcı kollektivlər tərəfindən birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı vermək məqsədi daşıyan birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsini keçirib.
Bu müsabiqə üzrə yeddi layihə qalib elan edilib. Azərbaycan tərəfi üçün ümumi maliyyələşdirilmə həcmi 490.000 manat olub.