CƏMİYYƏT
Bakıda doğma valideynlərimiz kimi bizim qayğımıza qalır, nazımızı çəkirlər
Bakı, 26 may (AZƏRTAC). Bakıda doğma valideynlərimiz kimi bizim qayğımıza qalır, nazımızı çəkirlər. Azərbaycanda olmağıma çox sevinirəm. Mən burada özümü ölkəmdəki kimi rahat hiss edirəm.
Bu sözləri AZƏRTAC-a Heydər Əliyev Fondu tərəfindən “Eurovision-2012” mahnı müsabiqəsinin iştirakçı dövlətlərində 9-18 yaşında fiziki qüsurlu uşaqlar arasında keçirilən “Mən Azərbaycanı kəşf edirəm” mövzusunda beynəlxalq inşa müsabiqəsinin qaliblərindən olan bosniya və herseqovinalı Fatimə Velic bildirmişdir.
Azərbaycanın Şərqlə-Qərbin qovuşuğunda yerləşdiyini və burada müxtəlif mədəniyyətlərin olduğunu vurğulayan F.Velic demişdir ki, bunları bilsəm də, gəlib gözümlə görmək istəyirdim. Bu da mənə qismət oldu. Buna görə Heydər Əliyev Fonduna dərin minnətdarlığımı bildirirəm. Azərbaycanlıların qonaqpərvərliyini, mehribanlığını, burada bizə göstərilən nəvazişi heç vaxt unutmayacağam. Mən sizin gözəl ölkənizə yenidən səfər etmək istərdim.