İQTİSADİYYAT
Bakıda ESG üzrə vahid platformanın və milli standartın təqdimatı ilə bağlı konfrans keçirilir
Bakı, 6 noyabr, AZƏRTAC
Bakıda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, ABB və “Azercell Telecom” MMC-nin dəstəyi ilə ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə vahid platformanın və milli standartın təqdimatı ilə bağlı konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev bildirib ki, ölkəmizdə dayanıqlı inkişafin sürəti dövlət siyasətinin ana xətti kimi müəyyənləşdirilib. Eyni zamanda respublikamızda ekosistemin yaradılması əsas dövlət siyasəti olaraq qalır.
Qeyd olunub ki, qarşıdakı dövrdə də ESG prinsiplərinin tətbiqinin genişləndirilməsi davam edəcək və bu sahədə dövlət səviyyəsində məqsədyönlü tədbirlər həyata keçiriləcək.
Tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, KOBİA sədri Orxan Məmmədov, BMT-nin rezident-əlaqələndiricisi Vladanka Andreyeva, həmçinin ekologiya və təbii sərvətlər, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri də iştirak edirlər.