Bakıda futbol üzrə “IV Caspian Cup” beynəlxalq turniri davam edir
Bakı, 31 may (AZƏRTAC). Bakıda AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında “IV Caspian Cup” beynəlxalq turniri davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci günü - mayın 30-da dörd oyun keçirilmişdir.
Sumqayıt şəhər stadionunda Tacikistan və Gürcüstan milli komandaları qarşılaşmışlar. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Tacikistanın yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdır.
Həmin stadionda digər oyun Bolqarıstan və Əfqanıstan kollektivləri arasında olmuşdur. Bolqarıstan futbolçuları meydandan 1:0 hesablı üstünlüklə ayrılmışlar.
“Dalğa Arena”da ilk oyun Qazaxıstan və Özbəkistan komandaları arasında keçirilmişdir. Matç Özbəkistan millisinin böyük hesablı qələbəsi ilə yekunlaşmışdır - 8:1.
Günün sonuncu görüşü isə Azərbaycanın U-16 komandası ilə İranın U-17 kollektivi arasında oynanılmışdır. Görüş İran millisinin 4:0 hesablı qələbəsi ilə başa çatmışdır.
Qeyd edək ki, turnirdə 12 yığma komanda 4 qrupda mübarizə aparır.