BAKIDA HÜQUQ MÜHAFİZƏ ORQANLARI RƏHBƏRLƏRİNİN KONFRANSININ TƏŞKİLİ ÜZRƏ EKSPERTLƏRİN GÖRÜŞÜ DAVAM ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin hüquq mühafizə orqanları rəhbərlərinin konfransının təşkili üzrə ekspertlərin Bakıda keçirilən görüşü oktyabrın 23-də davam etmişdir.
Görüşdə beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və insan alveri, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi kimi beynəlxalq cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın daha da artırılması məsələləri müzakirə edilmiş, tədbirin gündəliyi hazırlanaraq üzv dövlətlərin nümayəndələrinin müzakirəsinə verilmişdir. Sənəd ətrafında geniş fikir mübadiləsi aparılaraq konfransda müzakirə ediləcək məsələlər ekspertlər qrupu tərəfindən qəbul olunmuşdur.
Sənədə görə İslam Konfransı Təşkilatı hüquq mühafizə orqanları rəhbərlərinin konfransı 2009-cu ilin 1-ci yarısında Bakıda keçiriləcəkdir. Sənəddə konfransın iki ildən bir keçirilməsi təklif edilmişdir. Üzv dövlətlərdən hər hansı birinin baş katibə müraciət etdiyi və müraciətin İslam Konfransı Təşkilatı üzv dövlətlərinin səs çoxluğu ilə təsdiq edildiyi təqdirdə konfransın fövqəladə sessiyaları keçirilə bilər.
Qeyd edək ki, 2006-cı il iyunun 19-dan 21-dək Bakıda keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasında qəbul edilmiş Bakı Bəyannaməsində İKT-yə üzv ölkələrin hüquq mühafizə orqanları rəhbərlərinin konfransının təşkili qərara alınmışdır. Azərbaycan tərəfi ekspertlərin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etmiş və bu çıxış dəstəklənmişdir.