BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 10-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və Göyçay rayonlarından müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, şənbə günü burada əhaliyə 15,5 ton məhsul, o cümlədən 2,5 ton ət, 0,25 ton ağartı, 6 ton tərəvəz, 5 ton kartof, 0,25 ton bostan bitkisi, 1,5 ton meyvə, 9 min ədəd yumurta, 30 kiloqram bal təklif edilmişdir. Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur. Mal ətinin kiloqramı 4 manata, qoyun əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 80 qəpiyə, kök 40-50, kələm, çuğundur 50, turp 40, kartof 50-60, xiyar, badımcan 60-80, göyərtinin dəstəsi 10-15 qəpiyə, alma 1 manat-1 manat 20 qəpiyə, armud 1 manat 50 qəpiyə, bal 9-10 manata, pendir 2 manat 30-2 manat 50 qəpiyə, çiyələk 2 manat, alça 1 manat 60 qəpiyə, gilas 2 manata satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar, Qəbələ və Şəki rayonlarının fermerləri satışa 105,8 ton kənd təsərrüfatı məhsulu çıxarmışdılar. Burada alça, təzə kartof, göyərti, heyvandarlıq məhsulları çoxluq təşkil edirdi. Paytaxt sakinləri bazardakından xeyli ucuz olan məhsulları həvəslə alırdılar.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Quba, Qusar, Salyan və digər rayonlardan gətirilmiş 37 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları satılırdı. Gədəbəyli Firuz Həsənov bildirdi ki, şəxsi yük maşınında hər dəfə yarmarkaya 2-3 ton kartof gətirir. Fermerin sözlərinə görə, burada indiyədək 70 tondan çox məhsul satmışdır.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada alıcıların tələbatını nəzərə alan Ağdaş, Masallı, Salyan və digər rayonların fermerləri satışa kartof, soğan, alma, kələm, ət, yumurta və ağartı çıxarmışdılar.
Ağdaşlı Cəmil Quliyev bildirdi ki, gətirdiyi kartofun kiloqramını 50 qəpiyə təklif edir. Yarmarkalar təşkil olunandan bəri burada 40 tondan çox məhsul satmışdır.
Alıcı Sənubər Qafarovanın sözlərinə görə, yaxın ərazidə yaşadığından hər həftə buradan bazarlıq edir. Məhsulların qiyməti münasib, keyfiyyəti isə yüksəkdir.
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkaya keyfiyyətli kök, kələm, kartof, alma, süd və digər çeşiddə meyvə-tərəvəz və heyvandarlıq məhsulları gətirilmişdi. Qazax və Ağsu fermerləri bu məhsulları alıcılara münasib qiymətlərə təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin sözlərinə görə, bu gün yarmarkada satışa 29 tondan çox məhsul çıxarılmışdır. Onların 40-45 faizi nahar fasiləsinədək satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da kənd təsərrüfatı məhsullarının çeşidi xeyli çox, keyfiyyəti yüksək, qiymətləri ucuz idi. İşçi qrupunun rəhbəri Sabir Əhədovun verdiyi məlumata görə, Bərdə, Goranboy və ağstafalı fermerlər yarmarkaya 16 tonadək məhsul çıxarmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya Balakən, Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarından gətirilmiş 20 tona yaxın məhsul alıcılara bazardakından 30-35 faizə qədər ucuz qiymətə təklif edilir. Satışda meyvə-tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar vardır. Alıcılar məhsulun çeşidindən, qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri satışa 3 tona yaxın məhsul çıxarmışdılar.
Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada şənbə günü Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarının fermerləri əhaliyə müxtəlif çeşiddə 42,1 ton məhsul təklif edirdilər. Burada göyərtinin dəstəsi 10 qəpiyə, soğanın kiloqramı 30, alma, çuğundur 40, kartof 40-60, badımcan, kök 70, xiyar 60, bibər 15 qəpiyə, qoz 2 manat 20 qəpiyə, pomidor 2, mal əti 4 manata, qoyun əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 80 qəpiyə, pendir 2 manat 40 qəpiyə, yumurtanın bir ədədi 8 qəpiyə satılırdı.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə, qiymətlərə nəzarət edirdilər.