BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 19 iyun (AZƏRTAC). İyunun 19-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, şənbə günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,5 ton ağartı, 2 ton tərəvəz, 2,5 ton kartof, 3 ton meyvə, 2,5 min ədəd yumurta çıxarılmışdır. Paytaxt sakinləri təzə və keyfiyyətli məhsulları həvəslə almış, bəzi məhsulların bazarlardakından ucuz olduğunu bildirmişlər.
Həmin gün yarmarkada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 3 manat - 3 manat 50 qəpiyə, kartof, kələm və xiyar 30-50 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. satılmışdır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində keçirilən yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev məlumat verdi ki, yarmarkanın əsas təchizatçılarından olan Salyan rayonundan gətirilən məhsulların həcmində Kür çayının daşması ilə əlaqədar yaranmış gərgin vəziyyətdən sonra ilk dəfə olaraq artım qeydə alınmışdır. Bu rayonun fermerləri və şəxsi təsərrüfat sahibləri alıcılara əvvəlki həftədəkindən daha çox lobya, təzə kartof-soğan, xiyar, yerkökü, çuğundur, alça, ərik, gilas, gilanar, göyərti, ağartı məhsulları və s. təklif edirlər. Qusar, Şabran, Quba və Astara rayonlarının fermerləri və şəxsi təsərrüfat sahibləri də yarmarkaya bol məhsul gətirmişlər. Ümumilikdə paytaxt sakinlərinə 80,3 ton məhsul təklif olunur. Satışa çıxarılmış məhsullar arasında mövsümə uyğun olaraq göyərti, faraş kələm, təzə kartof, soğan, xiyar, badımcan, pomidor, meyvələrdən çiyələk, alça, alma, tut, ərik, gilas və s. daha çoxdur. Bütün məhsullar bazarlardakından 25-30 faiz, bəziləri isə yarıbayarı ucuz təklif olunur.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağdaş, Salyan, Masallı, Sabirabad, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 11 tondan çox kənd təsərrüfatı məhsulu satılırdı.
Ağdaşdan gəlmiş Vüsal Babayev dedi ki, gətirdiyi pomidorun kiloqramını 70 qəpiyə təklif edir. Son bir ayda burada 2 tona yaxın məhsul satdığını deyən fermer yaradılmış şəraitdən razılığını bildirdi.
Suraxanı rayonunda təşkil olunmuş hər iki yarmarkada - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində sakinlərə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və Cəlilabad rayonlarından gətirilmiş 47,2 ton məhsul təklif olunurdu. Bazarlarla müqayisədə məhsullar 30-35 faiz ucuz satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, yarmarkalara gətirilən məhsullarda böyük artım vardır. Xüsusən də gilas, çiyələk, gilənar, bostan bitkilərindən xiyar, pomidor, bibər, badımcan artmışdır. Bu, qiymətlərin xeyli aşağı düşməsinə səbəb olmuşdur. Yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Biləcəri qəsəbəsi, 284 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağsu və Qazax fermerləri satışa 12 tondan çox meyvə-tərəvəz çıxarmışdılar. Şəhər sakinləri bazardakından 25-30 faiz ucuz qiymətlərə satılan əriyi, xiyarı, kələmi, badımcanı, kartofu, lobyanı və digər məhsulları həvəslə alırdılar.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Ağstafa, Bərdə və goranboylu fermerlər alıcılara ucuz qiymətlərə kənd təsərrüfatı məhsulları təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Daşkəsən, Astara, İmişli, Neftçala, Oğuz, Beyləqan rayonlarından 29,2 ton keyfiyyətli məhsul gətirilmişdir. Bakılılar bazar qiymətindən 30-40 faiz ucuz təklif olunan məhsulları həvəslə alırdılar.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######