BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 21 iyun (AZƏRTAC). İyunun 20-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Şənbə və bazar günləri “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,5 ton ağartı, 2 ton tərəvəz, 2,5 ton kartof, 3 ton meyvə, 2,5 min ədəd yumurta satılmışdır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində keçirilən yarmarkada iki gün ərzində Salyan, Qusar, Şabran, Quba və Astara rayonlarının fermerləri və şəxsi təsərrüfat sahibləri paytaxt sakinlərinə 80,3 ton məhsul satmışlar. Bütün məhsullar bazarlardakından 25-30 faiz, bəziləri isə yarıbayarı ucuz təklif olunmuşdur.
İstirahət günləri Suraxanı rayonunda təşkil olunmuş hər iki yarmarkada - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və Cəlilabad rayonlarından gətirilmiş 47,2 ton məhsul satılmışdır. Məhsul bolluğu qiymətlərə təsir etmiş, bazarlarla müqayisədə məhsullar 30-35 faiz ucuz olmuşdur.
Hər iki yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Biləcəri qəsəbəsi, 284 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağsu və Qazax fermerləri şənbə və bazar günləri 12 tondan çox meyvə-tərəvəz satmışlar.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Ağstafa, Bərdə və Goranboy fermerləri alıcılara ucuz qiymətlərə kənd təsərrüfatı məhsulları təklif etmişlər.
İki gün ərzində Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz, Daşkəsən, Astara, İmişli, Neftçala, Oğuz, Beyləqan rayonlarından gətirilmiş 29,2 ton keyfiyyətli məhsul satılmışdır.