Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 5 mart (AZƏRTAC). Martın 5-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul, o cümlədən 1,5 ton ət, 0,2 ton ağartı, 2,5 ton tərəvəz, 2,5 ton kartof, 0,7 ton bostan məhsulları, 2,5 ton meyvə təklif olunurdu. Paytaxt sakinləri təzə və keyfiyyətli məhsulları həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Belə ki, qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, turp 30-40, kök 50-70, kələm 60-70, soğan və kartof 60-80, yumurtanın biri 19 qəpiyə və s. satılır.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada satışa Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından gətirilmiş 69 ton meyvə-tərəvəz, ət, balıq çıxarılmışdı. Bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz təklif olunurdu.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 12 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulu gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyevin verdiyi məlumata görə, burada alıcılara bazar qiymətlərindən 25-30 faiz ucuz naringi, xurma, qoz, fındıq, kələm, soğan, kartof, ət, toyuq, konserv, arıçılıq məhsulları təklif olunur.
Gədəbəydən kartof gətirmiş Famil Məmmədov dedi ki, kiloqramını 70-80 qəpiyə təklif etdiyim məhsulu qəsəbə sakinləri həvəslə alırlar. Son bir neçə ay ərzində burada 7 tondan çox məhsul satmışam. Bundan sonra da yarmarkaya məhsul gətirəcəyəm.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Qax, Salyan, Biləsuvar, Qəbələ, Ağcabədi, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından gətirilmiş meyvə-tərəvəz, ət və süd məhsulları satılırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynovun sözlərinə görə, yarmarkaya, ümumilikdə, 155 ton məhsul gətirilmişdir. Satışa çıxarılan məhsulların qiymətləri bazarlardakından 20-25 faiz ucuzdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində satışa Samux, Daşkəsən, Quba, Biləsuvar və Cəlilabad rayonlarından gətirilmiş 42,6 ton məhsul çıxarılmışdır. Bazarlarla müqayisədə bütün məhsullar 25-30 faiz ucuz təklif olunmuşdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilirdi.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Bərdə, Goranboy, Siyəzən və Ağstafadan 24 tondan artıq meyvə-tərəvəz gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, şəhər sakinləri bazarlardakıından ucuz təklif olunan bu məhsulları həvəslə alırlar. Kələm, nar, kartof, kök, çuğundur, alma və digər məhsulların alıcıları daha çoxdur.
Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, satışa Xaçmaz, Tərtər, Daşkəsən, İmişli, Oğuz və Beyləqan rayonlarından 35,7 ton keyfiyyətli məhsul, Giləzi broyler fabrikindən 10 min ədəd yumurta çıxarılmışdır.
Yarmarkada Novruzun gəlişindən xəbər verən səmənilər göz oxşayırdı. Həmişəkindən fərqli olaraq qoz, fındıq, quru meyvələr, ədviyyat daha çox alınırdı.
Nərimanov rayon İcra hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######