Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 7 mart (AZƏRTAC). Martın 6-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada şənbə və bazar günləri alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul, o cümlədən 1,5 ton ət, 0,2 ton ağartı, 2,5 ton tərəvəz, 2,5 ton kartof, 0,7 ton bostan məhsulları, 2,5 ton meyvə satılmışdır. Paytaxt sakinləri təzə və keyfiyyətli məhsulları həvəslə almışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyevin verdiyi məlumata görə, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuz olmuşdur. Belə ki, qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, turp 30-40, kök 50-70, kələm 60-70, soğan və kartof 60-80, yumurtanın biri 19 qəpiyə və s. təklif edilmişdir.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada iki gün ərzində Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından gətirilmiş 69 ton meyvə-tərəvəz, ət, balıq satılmışdır. Bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz təklif olunmuşdur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada istirahət günləri Qax, Salyan, Biləsuvar, Qəbələ, Ağcabədi, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından gətirilmiş 155 ton meyvə-tərəvəz, ət və süd məhsulları satılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov demişdir ki, satışa çıxarılan məhsulların qiymətləri bazarlardakından 20-25 faiz ucuz olmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, şənbə və bazar günləri Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində Samux, Daşkəsən, Quba, Biləsuvar və Cəlilabad rayonlarından gətirilmiş 42,6 ton məhsul satılmışdır. Bazarlarla müqayisədə bütün məhsullar 25-30 faiz ucuz təklif olunmuşdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya iki gün ərzində Bərdə, Goranboy, Siyəzən və Ağstafadan gətirilmiş 24 tondan artıq meyvə-tərəvəz satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun sözlərinə görə, şəhər sakinləri bazarlardakından ucuz təklif olunan bu məhsulları həvəslə almışlar.
Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, istirahət günləri burada Xaçmaz, Tərtər, Daşkəsən, İmişli, Oğuz və Beyləqan rayonlarından gətirilmiş 35,7 ton meyvə-tərəvəz, Giləzi broyler fabrikindən gətirilmiş 10 min ədəd yumurta satılmışdır.