MƏDƏNİYYƏT
Bakıda kinoprodüser kursları açılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). “Nizami” Kino Mərkəzinin və Bakı Film İnstitutunun birgə təşəbbüsü ilə Bakıda kinoprodüser kursları açılmışdır.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilmiş mətbuat konfransında “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev çıxış edərək kurslarda yerli və xarici mütəxəssislərin dərs deyəcəyini bildirmişdir. Kurslara müsahibə əsasında seçilmiş 25 nəfər qəbul edilmişdir.
Prodüser kurslarında ideya, ssenari sifarişi, rejissor seçimində nələrə üstünlük verilməsi, aktyor seçimi zamanı hansı meyarların nəzərə alınması, film üçün maliyyə axtarışı, bazarın öyrənilməsi, ekran əsərinin yerli və xarici bazara çıxarılma yolları və digər məsələlər tədris olunacaqdır. Bundan əlavə, klassik və müasir filmlərin nümayişi və müzakirəsi də həyata keçiriləcəkdir.
Tədbirdə çıxış edən “Azərbaycanfilm” kinostudiyasının istehsalat şöbəsinin rəisi Çingiz Həsənov demişdir ki, Azərbaycanda kino sahəsində prodüserlik vacibdir. Bizim kinostudiyada da gənc kadrlara ehtiyac vardır. Bu kimi layihələrin həyata keçirilməsi yüksək qiymətləndirilməlidir.
Kurslarda Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İran və başqa ölkələrdən dəvət olunmuş tanınmış kino mütəxəssisləri də dərs deyəcəklər.