CƏMİYYƏT
Bakıda kolorektal xərçəngin müalicəsinin müasir aspektləri ilə bağlı müzakirələr aparılmışdır VİDEO
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Bakıdakı “Monolit plaza” otelində Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə “Kolorektal xərçəngin müalicəsinin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransın işində Azərbaycan həkimləri ilə yanaşı, Türkiyə, Gürcüstan və Hollandiyanın onkologiya üzrə tanınmış mütəxəssisləri də iştirak etmişlər.
Qonaqları salamlayan Milli Onkologiya Mərkəzinin abdominal onkologiya şöbəsinin müdiri Niyazi Əsgərov bildirmişdir ki, konfransda onkologiyanın aktual problemləri, kolorektal xərçəngin müalicəsində tətbiq edilən ənənəvi metodlar və yeniliklər müzakirə olunacaq, təcrübə mübadiləsi aparılacaqdır.
Eyni zamanda, diqqətə çatdırılmışdır ki, Azərbaycanda səhiyyənin digər sahələri kimi, onkologiya da sürətlə inkişaf edir. Ölkəmizdə onkoloji xəstəliklərin sayı getdikcə azalır. Son illərdə ölkəmizdə yüzlərlə səhiyyə ocağı bərpa olunmuş, yenidən tikilmiş, ən müasir avadanlıqla təchiz edilmişdir. Milli Onkologiya Mərkəzinin yeni cərrahiyyə korpusunda xəstələrə yüksək tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılmışdır.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin 2 avgust 2006-cı ildə imzaladığı “Onkoloji yardım haqqında” Qanun bədxassəli şişlərdən əziyyət çəkən Azərbaycan vətəndaşlarının pulsuz olaraq ixtisaslaşdırılmış tibbi və sosial yardım almaları üçün hüquqi zəmin yaratmışdır. “Onkoloji xəstələrin şiş əleyhinə həyati vacib preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” isə Azərbaycanda səhiyyə sahəsinə, insanların sağlamlığının qorunmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Vurğulanmışdır ki, Azərbaycan Milli Onkologiya Mərkəzi öz təchizatına görə Avropa və Amerikanın qabaqcıl klinikalarından geri qalmır. Bu inkişaf Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin əməyi sayəsində mümkün olmuşdur. Hazırda Milli Onkologiya Mərkəzində bəd xassəli şişlərdə müasir radioterapiyanın aparılması üçün bütün şərait vardır. Naxçıvanda və Gəncədə də şüa müalicəsi aparatları mövcuddur.
Akademik Cəmil Əliyevin rəhbərliyi altında ölkəmizdə “Xərçəng xəstəliyinə qarşı milli mübarizə proqramı”nın hazırlandığı və bu proqramın hazırlanmasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təcrübəsindən geniş istifadə edildiyi konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, bununla yanaşı, 2012-2017-ci illər ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramı vardır. Proqramda kənd təsərrüfatı, fövqəladə hallar, səhiyyə və digər nazirliklərlə əməkdaşlıq tədbirləri öz əksini tapmışdır.
Konfransda Türkiyənin İstanbul şəhərindəki “Florence Nightingale Hospital”ın ümumi cərrahiyyə şöbəsinin müdiri, professor Yaşar Sümer Yamanerin “Rektal xərçəngin müalicə taktikası” mövzusunda məruzəsi dinlənilmişdir. Türkiyənin Hacıttepe Universitetinin professoru Suayib Yalçın isə “Metastatik kolorektal xərçəngin müasir müalicə standartları” mövzusunda məruzə etmişdir. Milli Onkologiya Mərkəzinin əməkdaşları Niyazi Əsgərov və Yusif Əliyarov “Kollorektal xərçəngin müalicəsində laparoskopik əməliyyatların tətbiqi” mövzusunda məruzələrlə çıxış etmişlər. Milli Onkologiya Mərkəzinin abdominal onkologiya şöbəsinin cərrah-konsultantı Rudolf Krausenin (Hollandiya) “Rektal xərçəngin müalicəsində total mezorektoektomiyanın rolu” mövzusunda məruzəsi də maraqla qarşılanmışdır.
Məruzələrdə koloretal xərçəng xəstəliyinin müalicəsində ən geniş yayılmış müasir müalicə metodlarında və istifadə olunan dərman preparatları barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, radiasion onkologiyanın son illərdə inkişafının əsas səbəblərindən biri texniki vasitələrin təkmilləşdirilməsi, şüa müalicəsi aparan yeni aparatların yaradılmasıdır.
Daha sonra məruzələr ətrafında müzakirələr aparılmışdır.