SİYASƏT
BAKIDA MDB-NİN ÜZVÜ OLAN DÖVLƏTLƏRİN DAXİLİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ 23-CÜ İCLASI BAŞLANMIŞDIR
Sentyabrın 6-da “Həyat Recensi - Naxçıvan” mehmanxanasının konfrans salonunda MDB-nin üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) 23-cü iclası başlanmışdır. İclasın işində daxili işlər nazirləri Boris Qrızlov (Rusiya), Kairbek Süleymenov (Qazaxıstan), Vladimir Naumov (Belarus), Koba Narçemaşvili (Gürcüstan), Hayk Arutyunyan (Ermənistan), Georgi Papuk (Moldova), Ramil Usubov (Azərbaycan), digər MDB ölkələri daxili işlər nazirlərinin müavinləri iştirak edirlər.
Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov iclası giriş sözü ilə açaraq, Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik cəmiyyət quruculuğu istiqamətində aparılan islahatlar barədə həmkarlarına məlumat verdi, terrorizmə və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə mühüm rol oynamalı olan iclasın işinə uğurlar arzuladı.
Nazir xatırlatdı ki, ABŞ-da baş vermiş dəhşətli faciənin bu günlərdə bir ili tamam olur. Onun təklifi ilə iclas iştirakçıları bütün dünyada terror aktları qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
DİNŞ-nin sədri, Belarusun daxili işlər naziri general-mayor Vladimir Naumov beynəlxalq terrorizmlə və transmilli cinayətkarlıqla mübarizə üçün təşkilatın çərçivəsində görülmüş işlərdən danışdı. O, MDB-nin üzvü olan ölkələrin daxili işlər nazirlikləri arasında əməkdaşlığın yeni - səmərəli metodlarının zəruriliyini, operativ məlumatın yayılmasının əhəmiyyətini xüsusi vurğuladı və bildirdi ki, DİNŞ-in Minskdə keçirilmiş əvvəlki iclasından sonra bülleten buraxılmışdır, indi isə informasiya məcmuəsi də nəşr etmək nəzərdə tutulur.
Vladimir Naumov DİNŞ-in sədri səlahiyyətini həmkarına - Azərbaycanın daxili işlər naziri Ramil Usubova verdi. O da öz növbəsində dedi ki, daxili işlər nazirliklərinin terrorizmlə və transmilli cinayətkarlıqla mübarizədə əməkdaşlığının möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.
Sonra iclasda iştirak edən Azərbaycanın Baş naziri Artur Rasizadəyə söz verildi.
Artur Rasizadə DİNŞ-in 23-cü iclasının iştirakçılarını salamlayaraq, onlara ölkəmizdə cəmiyyətin demokratikləşdirilməsi sahəsində gedən proseslər, aparılan iqtisadi islahatlar barədə məlumat verdi. Baş nazir cinayətkarlıqla mübarizənin, əmin-amanlıq və sabitlik yaradılmasının hər bir ölkənin inkişafının mühüm şərtlərindən olduğunu vurğuladı, MDB-nin üzvü olan dövlətlərin hüquq mühafizə orqanlarının birgə fəaliyyətini yüksək qiymətləndirdi.
MDB İcraiyyə Komitəsi sədrinin müavini Najameden İskəliyev tədbir iştirakçılarına DİNŞ-in Minskdə keçirilmiş 22-ci iclasından sonra görülmüş işlər barədə məlumat verdi. O bildirdi ki, oktyabrda MDB-nin növbəti zirvə görüşündə beynəlxalq terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizə ilə bağlı bir sıra məsələləri müzakirə etmək nəzərdə tutulur.
Bundan sonra iclas iştirakçıları gündəlikdəki məsələləri - MDB ölkələrində cinayətkarlıqla mübarizənin vəziyyətini və əməliyyat xidməti fəaliyyətinin müxtəlif istiqamətlərində əməkdaşlığın aktual problemlərini, 2000-ci ildən 2003-cü ilədək dövrdə cinayətkarlıqla mübarizəyə dair dövlətlərarası birgə mübarizə tədbirləri proqramının həyata keçirilməsi haqqında DİNŞ-in planının, MDB dövlətlərinin 2003-cü ilədək olan dövrdə beynəlxalq terrorizmlə və ekstremizmin digər təzahürləri ilə mübarizəyə dair proqramının yerinə yetirilməsinin gedişini, terrorizmin qarşısının alınması sahəsində əməkdaşlığın səmərəliyini yüksəltmək, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə qarşılıqlı fəaliyyəti gücləndirmək məsələlərini, narkotik vasitələrin və prekursorların qanunsuz dövriyyəsinin qarşısının alınmasına dair dövlətlərarası proqramın və konvensiyanın layihələrini müzakirə etməyə başladılar. Qazaxıstanın daxili işlər naziri general-polkovnik Kairbek Süleymenovun təklifi ilə iclasın gündəliyinə Antiterror Mərkəzi direktorunun birinci müavini məsələsi daxil olundu. İclas iştirakçıları Mütəşəkkil cinayətkarlıqla mübarizəni əlaqələndirmə bürosunun direktoru və onun birinci müavini haqqında, MDB-nin İcraiyyə Komitəsi yanında DİNŞ-in nümayəndəsi haqqında məsələləri də müzakirə etdilər.
Sentyabrın 7-də iclasın iştirakçıları birgə mətbuat konfransı keçirəcəklər.