BAKIDA MDB-NİN ÜZVÜ OLAN DÖVLƏTLƏRİN DƏMİR YOL NƏQLİYYATI ŞURASININ 33-CÜ İCLASI AÇILMIŞDIR
Oktyabrın 22-də “Gülüstan” sarayında MDB-nin üzvü olan dövlətlərin Dəmir Yol Nəqliyyatı Şurasının 33-cü iclası öz işinə başlamışdır. İclası Şuranın sədri, Rusiyanın yollar naziri Gennadi Fadeyev aparırdı. O, dəmir yolu idarələrinin tərəfdaşlıq fəaliyyətinin yaxşılaşdığını vurğulayaraq, iclas iştirakçılarını əmin etdi ki, Şura yük vaqonlarının texniki vəziyyətinin və onlardan istifadənin yaxşılaşdırılmasına, daşımaların avtomatlaşdırılmış idarə sistemlərinin təkmilləşdirilməsinə və dəmir yol nəqliyyatı vasitələrinin uyğunlaşdırılmasına, dəmir yol və gəmi-bərə nəqliyyatında informasiya mübadiləsinin yaxşılaşdırılmasına yönəlmiş səylərini bundan sonra da davam etdirəcəkdir.
Azərbaycan baş nazirinin müavini Abid Şərifov iclas iştirakçılarını respublikamızın hökuməti adından salamlayaraq bildirdi ki, Şura öz fəaliyyəti dövründə dəmir yol nəqliyyatının fasiləsiz işinin təmin olunması üçün çox iş görmüşdür. Ölkəmizin iqtisadiyyatında böyük uğurlar əldə edilməsi ilə əlaqədar dəmir yol nəqliyyatında işlərin səmərəliliyi xeyli artmış, daşımaların həcmi 2,1 dəfə çoxalmışdır.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov da iclas iştirakçılarını salamlayaraq, TRASEKA layihəsinin əhəmiyyətindən və dəmir yol nəqliyyatının inkişaf perspektivlərindən danışdı.
Sonra gündəliyə daxil edilmiş məsələlərin müzakirəsinə başlanıldı. Şuranın 32-ci iclasının qərarlarının yerinə yetirilməsi və cari ilin 9 ayının yekunları barədə hesabat dinlənildi.
MDB-nin üzvü olan dövlətlərin dəmir yol nəqliyyatının rəhbərləri yük vaqonlarının siyahıya alınmasının yekunları, onların texniki vəziyyətinin yaxşılaşdırılması, gələn il üçün sərnişin qatarlarının hərəkət cədvəlinin tərtibi, yük qatarlarının formalaşdırılması planını və beynəlxalq yollara vaqon axınının yönəldilməsi qaydasını müzakirə etdilər. İclasda Baltikyanı ölkələrinin dəmir yol idarələri rəhbərlərinin iştirakından istifadə edərək, bu ölkələrlə əlaqələrin möhkəmləndirilməsi perspektivlərini, habelə Aktau-Bakı, Aktau-Türkmənbaşı gəmi-bərə xətlərində yük vaqonlarının istismarı qaydalarını da nəzərdən keçirdilər.
Daha sonra çoxtonnajlı konteynerlərin avtomatik eyniləşdirilməsi sisteminin tətbiqinə dair kompleks proqramın yerinə yetirilməsinin və dəmir yolu idarələrinin qarşılıqlı hesablaşmalar üzrə borclarının ödənilməsi və itmiş yük vaqonlarına görə kompensasiya verilməsinin gedişi barədə məsələlər müzakirə olundu.
Oktyabrın 23-də iclas öz işini davam etdirəcəkdir.