BAKIDA “MƏZUN-2008” YARMARKASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş məzun yarmarkası keçirilmişdir.
“Məzun-2008” yarmarkasında respublikanın 70-dən çox holdinq, şirkət və bankları, bir sıra nazirliklər və dövlət idarələri 700-dən çox vakansiya təklifi ilə iştirak etmişlər. Yarmarkada iştirak etmək üçün ayrı-ayrı ali məktəblərdən 3 minə yaxın məzun öncədən öz SV-lərini göndərmişdir. Yarmarkanın təşkilat komitəsi, həmçinin Naxçıvan Dövlət Universitetinin məzunları üçün internet-əmək birjası prinsipi üzrə fəaliyyət göstərən elektron-informasiya resursunu da yaratmışdır.
Universitetin rektoru, professor Şəmsəddin Hacıyev bildirmişdir ki, yarmarkanın məqsədi respublikanın bütün iqtisad yönümlü universitetlərini bitirən bakalavr və magistrləri işlə təmin etməkdir. Bu da ölkədə aparılan siyasətlə tamamilə üst-üstə düşən bir prosesdir və dövlətimizin başçısının gənclər siyasəti, məşğulluq probleminin həlli ilə bağlı qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində atılan addımlardandır.
Ş.Hacıyev bildirmişdir ki, məzun yarmarkası üç ildir keçirilir və ənənəyə çevrilmişdir. Əvvəlki illərdə burada yalnız ADİU-nun məzunları iştirak edirdilərsə, bu il 19 universitetin məzunu bu yarmarkaya qatılmışdır. Bolonya prosesinə qoşulduqlarını deyən rektor bu prosesin ən mühüm prinsiplərindən birinin də məzunların işə düzəldilməsi ilə bağlı olduğunu vurğulamış, bu sahədə tədbirlərin görüldüyünü söyləmişdir.
Təhsil naziri Misir Mərdanov belə yarmarkaların keçirilməsinin əhəmiyyətli olduğunu, ali məktəbləri bitirən məzunların ixtisasları üzrə iş tapmasına kömək göstərəcəyini bildirmiş, son illər ölkədə aparılan islahatlar nəticəsində təhsil sistemində əldə olunan nailiyyətlərdən, Azərbaycanda bu sahənin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmışdır.
Nazir xüsusi vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində başladığı məqsədyönlü fəaliyyət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz inkişafında elm-təhsil və sahibkarlıq sektorunun hakim mövqe tutduğu postindustrial cəmiyyət mərhələsinə daxil olmuşdur. Ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunan “Məzun-2008” yarmarkası ümummilli liderin iqtisadi strategiyasının və Prezident İlham Əliyevin sosial modernləşmə siyasətinin reallaşdırılmasının gedişində əldə olunmuş nəhəng uğurların nəticəsidir.
Sonra Misir Mərdanov və digər qonaqlar yarmarkada iş təklif edən şirkətlərlə, müəssisələrlə və başqa qurumlarla yaxından tanış olmuş, işəgötürənlərin distant təhsil mərkəzinin və elektron kitabxananın infrastrukturundan istifadə edərək on-line rejimdə Naxçıvan Dövlət Universitetinin məzunları ilə müsahibələrini izləmişlər.
Yarmarka zamanı məzunların demokratik prinsiplərə uyğun və şəffaflıq şəraitində dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşləri təşkil edilmişdir.
######
