İQTİSADİYYAT
Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilir VİDEO
Bakı, 19 sentyabr, AZƏRTAC
Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, forumda Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının sədri Nuriyyə Novruzova açılış nitqi ilə çıxış edib.
Onun sözlərinə görə, dünyada ətraf mühitin çirklənməsi, təbii ehtiyatların azalması fonunda dayanıqlıq, inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyata töhfə istiqamətində tədbirlər davam edir: “Bugünkü forum çərçivəsində xarici ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən qurumlarla bağlanacaq əməkdaşlıq memorandumları gələcəkdə əlaqələrin davam etdirilməsi üçün zəmin yaradacaq”.
SOCAR Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, bugünkü tədbirin Bakı Ali Neft Məktəbində keçirilməsi də səbəbsiz deyil.
“Bu gün ölkəmizdə mühəndis ixtisaslarına böyük maraq var. Bu, ölkə iqtisadiyyatı üçün önəmlidir. Tələbələr əsasən bu ixtisasa üstünlük verirlər. Müəssisələrdə yüksəkixtisaslı maliyyəçilərə, peşəkar, şəffaf mühasiblərə böyük ehtiyac var. Hazırda bütün dünyada ətraf mühitin çirklənməsi, təbii ehtiyatların azalması və eyni zamanda, onlara artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır”, - deyə Bakı Ali Neft Məktəbinin rektoru əlavə edib.
Forum plenar iclaslarla işini davam etdirəcək.
Plenar iclaslarda “SOCAR-ın davamlı inkişaf hesabatlarının son illərdə inkişafı və maliyyə hesabatlarında davamlı inkişafına bağlı tələblər”, “Qlobal səhnədə rəqabət: Maliyyə mütəxəssisi kimi potensialınızı açın”, “Yaşıl iqtisadiyyatda dəstək üçün Monteneqroda maliyyə hesabatları”, “Dövlət İmtahan Mərkəzinin yaşıl iqtisadiyyata töhfəsi: Elektron imtahanlar”, “Yaşıl iqtisadiyyat və peşəkar tükənmə”, “Yaşıl iqtisadiyyatın və davamlı inkişaf prinsiplərinin təşviqində peşəkar təşkilatın rolu” mövzularında məruzələr dinləniləcək.
Forum çərçivəsində beynəlxalq qurumlarla əməkdaşlıq memorandumları imzalanacaq.