CƏMİYYƏT
Bakıda qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda layihəyə başlanılıb
Bakı, 19 aprel, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səbail Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Səbail rayonunda yerli icma nümayəndələri tərəfindən qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda layihənin icrasına başlayıb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi məişət zorakılığı ilə bağlı məsələlərdə qadınları maarifləndirmək, onlarda özgüvəni artırmaqdır.
Bunun üçün iştirakçılara hüquq hazırlığı, özgüvən, özünümüdafiə ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılır.
İştirakçılar psixoloqlar da daxil olmaqla, fərqli sahələrin mütəxəssislərinin gündəlik seminarlarında iştirak edəcək və diskussiya etmək imkanı qazanacaqlar.
Həmçinin iştirakçıların tanınmış ictimai xadimlərlə görüşü nəzərdə tutulub.