BAKIDA RƏQƏMSAL YAYIMA BAŞLANILMIŞDIR
Azərbaycanda telekanalların tam rəqəmsal yayıma keçirilməsi ilə bağlı müvafiq tədbirlər görülür. Hazırda Bakıda rəqəmsal yayıma başlanılmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ölkə ərazisində rəqəmsal yayıma keçmək üçün proqram hazırlanmış və təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilmişdir. Bakı, Gəncə, Naxçıvan şəhərlərində və regionlarda tətbiq olunacaq rəqəmsal sistem üç mərhələdə həyata keçiriləcəkdir.
Birinci mərhələdə (2008-2010) respublika əhalisinin 60-70 faizi, ikinci mərhələdə (2011-2013) 90 faizi, üçüncü mərhələdə isə (2014-2015) 98 faizi rəqəmsal televiziya yayımı proqramı ilə təmin ediləcəkdir.
Azərbaycanda rəqəmsal yayıma keçid üçün sınaq işlərinə 2004-cü ildən başlanmışdır. Bu yayım DVB-T (rəqəmsal yerüstü efir yayımı) standartı üzrə həyata keçirilir. DVB-T standartına uyğun olaraq, əsasən yayım zamanı təsvir və səs siqnallarının ötürülmə və qəbul keyfiyyəti yüksəlir, ötürülmədə kənar maneələr aradan götürülür, informasiyaların saxlanılmasında itki olmur və proqramların sayı artırılır.