Bakıda “Sağlamlıq və xoşbəxtlik” şüarı altında keçirilən yarışlar başlanıb
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 7-də qeyd edilən Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar, Türkmənistan dövlətinin başçısı Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə, hər il aprelin 5-dən mayın 5-dək bu ölkədə “Sağlamlıq və xoşbəxtlik” aylığı keçirilir.
Kütləvi idman və bədən tərbiyəsi-sağlamlıq tədbirləri aylığı ilə əlaqədar aprelin 26-da Bakıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində tələbələr arasında futbol, qısa məsafələrə qaçış və güc təmrinləri (turnikdə dartılma) üzrə idman yarışları başlanıb. Yarışlar Azərbaycan paytaxtındakı digər ali məktəblərin təşkilati dəstəyi ilə Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyi və Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən keçirilir.
AZƏRTAC xəbər verir ki, aprelin 27-də futbol turnirinin final matçlarının açılışında bu yarışlarda təmsil olunan ali məktəblərin rəhbərləri və xüsusi olaraq dəvət olunmuş qonaqlar iştirak ediblər.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova tədbirdə giriş sözü söyləyib. O qeyd edib ki, Azərbaycan və Türkmənistan çoxəsrlik dostluq telləri və tarixən formalaşmış ortaq mənəvi-mədəni ənənələrlə bağlıdır. Rektor deyib: “Türkmənistanın ölkəmizdəki səfirliyinə təşəkkürümü bildirmək istəyirəm ki, bu idman tədbirinin keçirilməsi üçün məhz Azərbaycan Memarlıq və İnşaat Universiteti seçilib. Hesab edirəm ki, bu idman-sağlamlıq tədbiri Türkmənistan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmlənməsi işinə öz töhfəsini verəcək”.
Türkmənistanın Azərbaycandakı səfiri Məkan İşanquliyev tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, ölkələrimizi və xalqlarımızı ortaq tarix və çoxəsrlik qardaşlıq telləri bağlayır. Müasir mərhələdə Türkmənistan-Azərbaycan münasibətləri yeni məzmun kəsb edir.
Türkmənistan səfiri “Sağlamlıq və xoşbəxtlik” devizi altında keçirilən idman yarışından bəhs edərək vurğulayıb ki, hər il keçirilən bu genişmiqyaslı bədən tərbiyəsi-sağlamlıq və ictimai-mədəni aksiyanın əsas məqsədi əhalinin, ilk növbədə, böyüməkdə olan nəslin sağlamlığını qorumaq, kütləvi idman-sağlamlıq hərəkatını inkişaf etdirməkdir. Vurğulanıb ki, ölkənin həyatında bir neçə il bundan əvvəl yaranmış bu ənənə dövlət başçısı tərəfindən həyata keçirilən sağlam həyat tərzi siyasətinin inkişafına, bədən tərbiyəsi və idmanın təbliğinə, səhiyyə və idman sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə güclü təkan verməlidir.
İdman yarışlarında Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət komandalar, həmçinin Azərbaycanda təhsil alan Türkmənistan vətəndaşlarından ibarət “Yaşlık” komandası iştirak edir. Futbol turnirində püşkatmanın nəticələrinə əsasən türkmən tələbələrin “Yaşlık” yığma komandası, Sumqayıt Dövlət Universitetinin və Bakı Mühəndislik Universitetinin komandaları birinci yarımqrupa, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və yarışlara ev sahibliyi edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları isə ikinci yarımqrupa daxil olub.
Yarışların qaliblərinə və fəal iştirakçılara Türkmənistanın Azərbaycandakı səfirliyi adından kuboklar, fərmanlar və xatirə hədiyyələri təqdim edilib.