Bakıda şahmat üzrə “Qran-pri” turniri başa çatıb
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov son illər ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın müxtəlif növləri sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu sırada şahmat xüsusi yer tutur.
Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Mahir Məmmədov isə deyib ki, Prezident İlham Əliyevin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Mərasimdə diqqətə çatdırılıb ki, ilk dəfə 2008-ci ildə Azərbaycanda keçirilmiş “Qran-pri” turniri aramızdan vaxtsız getmiş, unudulmaz qrossmeysterimiz Vüqar Həşimovun qələbəsi ilə başa çatmışdı.
Daha sonra qaliblər mükafatlandırılıblar.
Bildirilib ki, turnirdə birinci-ikinci yerləri 11 mümkün xaldan 6,5 xal toplamış italyan Fabiano Karuano və israilli Boris Gelfand tutublar. Üçdən səkkizədək olan yerlərə hərəyə 6 xal toplamış rusiyalı qrossmeysterlər Aleksandr Qrişşuk, Sergey Karyakin, Pyotr Svidler, Yevgeni Tomaşevski və amerikalı Hikaru Nakamura sahib olublar. Azərbaycan şahmatçısı Teymur Rəcəbov 5,5 xalla doqquzuncu yerlə kifayətlənib. Azərbaycanın digər qrossmeysteri Şəhriyar Məmmədyarov və özbək şahmatçısı Rüstəm Qasımcanov hərəyə 5 xal toplayaraq 10-cu 11-ci yerləri bölüşüblər. Rusiya şahmatçısı Dmitri Andreykin 4,5 xalla 12-ci olub. Lenyer Dominges isə turnir cədvəlində sonuncu - 13-cü yerdə qərarlaşıb.
Turnirin bağlanış mərasimi incəsənət ustalarının çıxışı ilə davam edib.