BAKIDA SƏKKİZİNCİ ALMAN-AZƏRBAYCAN İQTİSADİ FORUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 26-da “Hyatt Regency - Naxçıvan” mehmanxanasında Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə səkkizinci Alman-Azərbaycan iqtisadi forumu keçirilmişdir.
Tədbirdə Almaniyanın Aşağı Saksoniya Federal əyaləti tərəfdən iqtisadiyyat, əmək və nəqliyyat naziri Valter Hirxe, Hannover Sənaye və Ticarət Palatasının nümayəndələri, eləcə də tikinti və infrastruktur, logistika, memarlıq və şəhərsalma, neft və qaz kəmərlərinin çəkilməsi, avtomobil texnikası, aqrar və tibbi texnologiyalar, ətraf mühitin mühafizəsi texnikası və maliyyə sahələrini təmsil edən müəssisələrdən 40-a yaxın iş adamı, Azərbaycan tərəfdən isə müvafiq sahələrdə fəaliyyət göstərən 50-dək sahibkar iştirak etmişdir.
İqtisadi forumu DAWF-in icraçı direktoru Florian Şröder və qurumun idarə heyətinin sədri Hakan Tin açaraq Almaniya və Azərbaycan iş adamlarının son zamanlar tez-tez keçirilən görüşlərinin əhəmiyyətindən danışmış, Azərbaycanın sürətli iqtisadi inkişafı, alman şirkətlərinin ölkəmizdə fəaliyyəti barədə məlumat vermişlər. Bildirilmişdir ki, bu şirkətlər Azərbaycanda yolların tikintisi, su təchizatı layihələrində, qeyri-neft sektorunun bir çox sahələrində yaxından iştirak edirlər.
Almaniyanın ölkəmizdəki səfiri Per Kristofer Stançina Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il fevralın 14-dən 16-dək Almaniyaya rəsmi səfərini, eləcə də ölkəsinin iqtisadiyyat və yeni texnologiyalar naziri Mixael Qrosun ötən ilin oktyabrında respublikamıza səfərini dövlətlərimiz arasında ikitərəfli iqtisadi münasibətlərin inkişafına güclü təkan verdiyini söyləmişdir. O, Azərbaycan və Almaniya arasında ümumi ticarət dövriyyəsi həcminin 1,5 milyard avroya çatdığını bildirmişdir. Azərbaycanın artıq dörd ildir ki, inkişaf tempinə görə dünya ölkələri arasında liderlərdən biri olduğunu diqqətə çatdıran P.K. Stançina, hazırda respublikamızda əlverişli investisiya mühitinin formalaşdırıldığını qeyd etmiş və alman biznesmenlərini Azərbaycan iş adamları, müvafiq dövlət strukturları ilə əlaqələr qurmağa dəvət etmişdir.
Əyalətin iqtisadiyyat, əmək və nəqliyyat naziri Valter Hirxe Aşağı Saksoniya əyaləti barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, bu gün əyalətin ən güclü sənaye sahəsi avtomobil sənayesidir. Volfsburq şəhərində “Volksvagen” avtomobil zavodu, əyalətin mərkəzi olan Hannoverdə isə “Continental” şin zavodu fəaliyyət göstərir. Avropanın ən böyük turizm müəssisəsi olan “TUİ” şirkəti də bu əyalətdədir. Dünyanın ən böyük informasiya texnologiyaları sərgiləri - “Hannover İndustrial Trade Fair” və “CeBİT” də Hannover şəhərində keçirilir. Nazir Azərbaycan şirkətlərini bu sərgilərdə iştirak etməyə çağırmışdır.
Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində qazanılmış nailiyyətlər barədə məlumat vermişlər. Son dörd ildə iqtisadiyyatımızın həcminin 2 dəfə artdığı vurğulanmışdır.
Natiqlər Azərbaycanda xarici investorlara yerli sərmayədarlarla eyni şəraitin yaradıldığını, bunun sayəsində ölkəmizə investisiya marağının artdığını bildirmişlər. Azərbaycan və Almaniya arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilmişdir. Həmçinin Azərbaycanda külək enerjisindən istifadə üçün münbit şəraitin olduğu qeyd edilmiş, bu sahədə Almaniyanın təcrübəsindən yararlanmağın vacibliyi diqqətə çatdırılmışdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Emil Məcidov qonaqlara respublikamızda biznes mühiti, investisiya imkanları barədə məlumat vermişdir.
Sonra iqtisadi forum dialoqla davam etmiş, Azərbaycan və Almaniya iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.
######
