Bakıda Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş ciu-citsu üzrə turnir keçirilib







Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Bakı şəhəri və respublikanın müxtəlif bölgələrindən müxtəlif yaş qrupları və müxtəlif çəki dərəcələrində olan 200-ə qədər uşaq, yeniyetmə və gənc ciu-citsu döyüş sənətinin Gi və No-Gi versiyaları üzrə güclərini sınayıblar.
Braziliya ciu-citsu döyüş sənətinin Azərbaycanda banisi və İctimai Birliyin təsisçisi Taleh Həsənov potensiallı idmançılara uğurlar arzu edib. Bu döyüş sənətinə olan maraq çoxluğunun sevindirici hal olduğunu bildirib.
Braziliya Ciu-Sitsu İctimai Birliyinin prezidenti Aqil Acalov Ulu Öndər Heydər Əliyevin idmanın bugünkü dinamik inkişafına təkan verən bünövrə əhəmiyyətli fəaliyyətlərindən danışaraq, bu müstəsna və önəmli siyasəti unutmamalı olduğumuzu vurğulayıb və turniri açıq elan edib.
İctimai Birliyin sədri Fuad Kərimov da öz növbəsində idmançılara həm turnirdə, həm də bütün idman fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, hər uğur və irəli addım həm sevinc, həm məsuliyyət hissini artırır.
Daha sonra Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və yarışa start verilib.
Turnirdə güclərini nümayiş etdirən idmançılar sonda medal, sertifikat və mükafatlarla təltif olunublar.
Komanda hesabında isə 1-ci yerə Suraxanı Braziliya ciu-citsu komandası, 2-ci yerə Bakı Braziliya ciu-citsu Akademiyası, 3-cü yerə isə Əkbər Hadiyev Braziliya ciu-citsu komandası layiq görülüblər.