Bakıda Xalq rəssamı Əzim Əzimzadənin xatirə muzeyinin açılışı olub
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 29-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki Dilarə Əliyeva küçəsi 157-də yerləşən xatirə muzeyinin təmirdən sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Əzim Əzimzadənin xatirə muzeyinin direktoru, tənqidçi-sənətşünas İradə Əzimzadə böyük sənətkarın həyat və yaradıcılığı, həmçinin muzey barədə qonaqlara məlumat verib. Bildirib ki, fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. Mədəniyyət ocağı 1968-ci ildə qapılarını ziyarətçilərin üzünə açıb. Mədəniyyət Nazirliyinin köməkliyi ilə muzeyin binası yenidən qurulub, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə eksponatların bərpası həyata keçirilib və ekspozisiyaya yeni bədii tərtibat verilib.
Diqqətə çatdırıb ki, xatirə muzeyində Əzim Əzimzadənin 2117 eksponatı, Milli İncəsənət Muzeyində 232 əsəri, 3 albomu, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə 499 eksponatı saxlanılır.
Açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev rəssamın yaradıcılığından, onun Azərbaycan təsviri sənətinə verdiyi töhfələrdən söhbət açıb. Daha sonra rəssamın xatirə muzeyinin yerləşdiyi məkan barədə fikirlərini bölüşən nazir deyib: “Şəhərimizin gözəlləşdirilməsi və inkişafı prosesində bəzən ziddiyyətli məsələlərlə rastlaşırıq. Bu, tarixi qorumaqla müasir görkəm arasında olan ziddiyyətdir. Lakin biz inkişafdan heç vaxt geri qala bilmərik. Köhnə və öz ömrünü başa vurmuş binalar haqqında gərək müəyyən ölçülər götürülsün. Bu xatirə lövhəsi də ondan xəbər verir ki, vaxtı ikən burada böyük rəssamımız yaşayıb. Nə yaxşı ki, müasir şəkildə inşa olunmuş bu binanın birinci mərtəbəsində onun xatirə muzeyi açılır. Biz burada həm tarixi, həm də onun yaşadığı məkanı saxladıq. İnanıram ki, bura təşrif buyuran ziyarətçilər böyük rəssamın irsi ilə daha yaxından tanış ola biləcəklər”.
Tədbirdə Xalq rəssamları Ağəli İbrahimov, Arif Hüseynov və başqaları Əziz Əzimzadə Azərbaycan mədəniyyətində, rəssamlıq məktəbində öz yolu, üslubu olan sənətkar kimi xarakterizə ediblər. Vurğulanıb ki, Əzim Əzimzadə 40 illik səmərəli yaradıcılıq fəaliyyəti ərzində 3 mindən çox satirik rəsm, karikatura, illüstrasiya, plakat, səhnə dekorasiyası, geyim eskizi və başqa əsərlər yaradıb. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmiş, rəssamlığa məşhur “Molla Nəsrəddin” jurnalında əsərlərini dərc etməklə başlayıb. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət”, “Zənbur”, “Babayi-Əmir” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub.
Çəkdiyi “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus insanların iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edib. Bu mənada, o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri daha qabarıq əks etdirən “Köhnə Bakı tipləri” və “100 tip” əsəri xüsusilə təqdirəlayiqdir.
Sonra tədbir iştirakçıları rəssamın xatirə muzeyi ilə tanış olublar.