İQTİSADİYYAT
Bakıda “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans keçirilir VİDEO
Bakı, 19 sentyabr, AZƏRTAC
Bakıda “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Prosol” şirkətinin ev sahibliyi ilə həyata keçirilən tədbir çərçivəsində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən “CTF – Capture the Flag” kibertəhlükəsizlik müsabiqəsi təşkil olunub.
“Prosol” şirkətinin İdarə Heyətinin sədri Babək Ağayev bildirib ki, sayca 4-cü olan bu konfrans dövlət-özəl qurum təmsilçilərinin bir araya gələrək önəmli fikir mübadiləsi apardığı önəmli bir platformadır.
“Hazırda qlobal səviyyədə kibertəhlükəsizlik mövzusu vacib istiqamətlərdən biridir. Kibertəhlükəsizlik sahəsində xaricdən asılılığın azaldılması əsas məqsədlərdən biridir. Kibersahədə heç bir dövlətdən asılı olmamaq istiqamətində önəmli işlər görülür. Eləcə də, bugünkü “Kibertəhlükəsizlik günləri” konfransı bu istiqamətdə aparılan işlərə dəstək verir. Bu gün Azərbaycanın texnoloji sferada da oynadığı hab rolu, ölkəmizdə həm dövlət, həm özəl sahədə fəaliyyət göstərən qurumların üzərinə çox böyük məsuliyyət qoyur”, - deyə Babək Ağayev əlavə edib.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxışında vurğulayıb ki, hazırda dünyada elə bir sahə yoxdur ki, rəqəmsallaşmadan uzaq qalsın. Bu gün rəqəmsal inkişafın meyillərini nüvə təhdidi ilə müqayisə edən S.Ələkbərov bildirib ki, “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans bu məsələləri zəruri edir: “Son dövrlərdə dünyada baş verən hadisələr kibertəhlükəsizliyin önəmini daha qabarıq şəkildə qarşımıza qoyur”.
Konfransda çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılmasına, inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmiz beynəlxalq səviyyəli “Kibertəhlükəsizlik İndeksi”nin reytinq cədvəlində 36 pillə irəliləyərək 86-cı yerdən 50-ci yerə yüksəlib.
“Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans çərçivəsində kibertəhlükəsizlik sahəsində son trendlərə, çağırışlara dair fikir mübadiləsi aparılacaq, panel müzakirələri və “CTF – Capture the Flag” kibertəhlükəsizlik müsabiqəsi həyata keçiriləcək. Panel müzakirələrində Azərbaycanın dövlət və özəl sektorunun nümayənədləri, kibermütəxəssislər, eləcə də ABŞ, Türkiyə, İsrail, Polşa, Ukrayna, Fransa, Qazaxıstan, Xorvatiya, Pakistan kimi ölkələrdən nümayəndələr iştirak edirlər.
XRİTDX tərəfindən təşkil olunmuş “CTF – Capture the Flag” kibertəhlükəsizlik müsabiqəsində dövlət və özəl qurumlarından ibarət olan 20 kiberkomanda mübarizə aparacaq.
Qeyd edək ki, konfrans 2 gün ərzində davam edəcək.