Bakıdakı 327 nömrəli məktəbdə akademik Zərifə Əliyevanın xatirəsi anılıb
Bakı, 27 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) 327 nömrəli tam orta məktəbdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Örnək ömrün sorağında” mövzusunda tədbir keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, təhsil müəssisəsinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Roza İsmayılova görkəmli alim Zərifə Əliyevaya həsr edilən tədbirə yüksək şövqlə hazırlaşdıqlarını, bu nəcib insanın şərəfli həyat yolunun hər bir Azərbaycan qadını üçün nümunə olduğunu söyləyib.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycanın tibb tarixində xüsusi bir mərhələ təşkil etdiyini bildirib. Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin çox zəngin və əhatəli olduğunu, istedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilən çoxprofilli tədqiqatlar apardığını və dəyərli elmi-tədqiqat işləri yazdığını diqqətə çatdırıb. Bir neçə il akademik Zərifə Əliyeva adına Liseyin direktoru olmasından böyük qürur duyduğunu bildirən M.Vəliyeva görkəmli oftalmoloqun əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda, qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşayacağını deyib.
Tədbirdə Zərifə Əliyevanın monoqrafiya, dərslik və dərs vəsaiti, elmi iş, ixtira və səmərələşdirici təkliflərin müəllifi olduğu, həmçinin yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etdiyi vurğulanıb.
Daha sonra şagirdlər akademik Zərifə Əliyevaya həsr olunmuş şeir və mahnılar ifa ediblər.
Tədbir görkəmli alimin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.