İQTİSADİYYAT
“BAKIELEKTRİKŞƏBƏKƏ” ABONENTLƏRƏ XƏBƏRDARLIQ EDİR
Bakı, 12 avqust (AZƏRTAC). Son günlər havaların normadan artıq isti keçməsi ilə əlaqədar olaraq abonentlərin soyuducu vasitələrdən fasiləsiz istifadə etməsi şəbəkələrin ifrat yüklənməsinə səbəb olmuşdur. Buna baxmayaraq aparılan yenidənqurma işləri abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına şərait yaradır.
“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətindən (ASC) AZƏRTAC-a bildirmişlər ki, elektrik enerjisi istehlakının artmasına baxmayaraq abonentlər tərəfindən ödənişlərin müntəzəm aparılmaması son iki ayda borcların yaranmasına səbəb olmuşdur.
“Bakıelektrikşəbəkə” ASC abonentlərdən istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borclarını tam şəkildə ödənilməsini xahiş edir. Artıq borclu abonentlərə müvafiq xəbərdarlıq bildirişləri göndərilmişdir. Ödəniş müddəti keçən, həmçinin “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı avqustun 17-dək müvafiq qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.
Borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaqdır. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin ASC-nin internet saytı (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.