İQTİSADİYYAT
Bakının küçə və prospektlərində “yaşıl dalğa”nın tətbiqinə başlanılıb
Bakı, 24 avqust, AZƏRTAC
Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakının küçə və prospektlərində “yaşıl dalğa”nın tətbiq edilməsinə başlanılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZƏRTAC-a bildirilib ki, yeni tədris ili ilə bağlı yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artacağı ehtimal edilir. Bununla əlaqədar hazırda işıqforların vaxt planları yenilənir və pik saatlarına uyğun qurulur.
Qeyd edilib ki, bu məsələdə avtomobillərin küçə və prospektlərdən keçməsi sayının artımı da nəzərə alınır. Nəqliyyat vasitələrinin dayanmaması üçün yol boyu ardıcıl olaraq bir neçə işıqforda yaşıl işıq yandırılır. Artıq bu işlərin tətbiqinə başlanılıb. Həmçinin, paytaxtdakı ümumtəhsil müəssisələrinin yerləşdiyi ərazilər müəyyən olunub və “yaşıl dalğa”lar daha çox məhz orada tətbiq edilir. Çünki bu ərazilərdə avtomobillərin sayı həddindən artıq çox olur. Ona görə də avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün “yaşıl dalğa” əmri daha çox bu yerlərdə tətbiq olunacaq.