CƏMİYYƏT
Bakının mərkəzində yaşayış binasında yanğın baş vermişdir [YENİLƏNİB]
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 16-dan 17-nə keçən gecə Bakının Nəsimi rayonunda yaşayış binasında yanğın baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə və təcili tibbi yardım briqadaları yanğınla mübarizəyə cəlb olunmuşlar.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin müavini, polkovnik Rza Xudiyev AZƏRTAC-a bildirmişdir ki, saat 22.49-da “101” xidmətinə R.Behbudov və 28 May küçələrinin kəsişməsində yerləşən altımərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə texnika və canlı qüvvə göndərilmişdir. Hadisə yerinə çatan ilkin yanğınsöndürmə rəhbəri yanğının mürəkkəbliyini nəzərə alaraq, “yüksək çağırış” elan etmişdir. Bakı Qarnizonunun qüvvələri təcili olaraq yanğınla mübarizəyə cəlb olunmuşlar. Hazırda yanğın söndürülmək üzrədir.
Qədim binanın taxta konstruksiyalardan ibarət olması yanğının qarşısının alınmasını çətinləşdirirdi. Yanğın əsasən dam örtüyündə baş vermişdir. Dam örtüyü isə beşinci mərtəbədə yaşayan sakinlər tərəfindən zəbt olunduğundan orada əlavə arakəsmələr tikilmişdir ki, bu da yanğınsöndürənlərin işinə mane olurdu.
Yanğın təxminən 450-500 kvadratmetr ərazini əhatə etmişdir. Beşinci mərtəbədəki bir neçə mənzilə ziyan dəymişdir. Ancaq yanğının dam hissəyə tam yayılmasının qarşısı alınmışdır. Binanın sakinləri təxliyyə olunmuş, 1 nəfər zəhərlənmiş və ona ilkin tibbi yardım göstərilmişdir.