“BAKUTEL-2006” XII BEYNƏLXALQ TELEKOMMUNİKASİYA VƏ İNFORMASİYA TEXNOLOGİYALARI SƏRGİ-KONFRANSIN TƏNTƏNƏLİ AÇILIŞI
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Əvvəlcə Azərbaycanda İKT-nin inkişafına həsr olunmuş videofilm nümayiş etdirildi.
Azərbaycanın rabitə və informasiya texnologiyaları və iqtisadi inkişaf nazirliklərinin, Ticarət və Sənaye Palatasının Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəsmi dəstəyi ilə keçirilən sərgidə dünyanın 23 ölkəsindən 110 şirkət təmsil olunur və ekspozisiya sahəsi 30 faiz artmışdır. MICROSOFT, HP, SİEMENS, ALCATEL, CİSCO, SYSTEMS, HUAWEİ, ORACLE və s. kimi nəhəng şirkətlərin sərgidə iştirakı dünya istehsalçıları və layihəçiləri tərəfindən Azərbaycan bazarına olan böyük maraqdan və ölkəmizdə İKT sektorunun inkişafında fəal iştirak etmək niyyətindən xəbər verir. Bu il sərgidə Azərbaycanın yeni “AB Skybell”, “İsetech”, “Rapid Solutions” və “Softline” şirkətləri də iştirak edir. Kompyuter və ofis avadanlığı istehsal edən və bu il sərginin texniki dəstək provayderi kimi çıxış edən milli “KÜR” şirkətinin ilk dəfə olaraq sərgidə xüsusi guşəsi yaradılmışdır.
Sərgi-konfransın təşkilatçıları Britaniyanın “İTE Group PLC” və onun Qafqazdakı nümayəndəliyi olan “İteca Caspian” şirkətləridir.
Sərgi-konfransı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov açdı.