İQTİSADİYYAT
Balakən və Şamaxıda yeni su təchizatı sistemləri istismara verilmişdir
Bakı, 22 dekabr (AZƏRTAC). “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) kənd yaşayış məntəqələrində əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Balakən rayonunun Tülü və Hənifə kəndlərinin su təchizatı sistemləri istismara verilmişdir.
Bu münasibətlə keçirilmiş mərasimdə ASC-nin “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov bildirmişdir ki, “Azərsu” iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirir. Tədbirlər planına uyğun olaraq Balakən rayonunun Hənifə kəndinin əhalisinin içməli su təchizatını yaxşılaşdırılması məqsədi ilə kənddə bir artezian quyusu qazılmış, 2 min 350 metr uzunluğunda su xətti çəkilmişdir. Eyni zamanda, Tülü kəndinin su təchizatının yaxşılaşdırılması üçün də işlər görülmüşdür. Əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Tülü kəndində bir subartezian quyusu qazılmış, tutumu 10 kubmetr olan su çəni quraşdırılmış və 750 metr uzunluğunda su xətti çəkilmişdir. Qurumun daxili maliyyə imkanları hesabına görülən işlər nəticəsində Hənifə və Tülü kəndlərinin 600-dən artıq sakininin su problemi həll olunmuşdur.
Şamaxı rayonunun Sabir qəsəbəsində də yeni su təchizatı sistemi istismara verilmişdir. Qəsəbədə subartezian quyu qazılmış, uzunluğu 2 kilometrdən artıq müxtəlif diametrli su xətti çəkilmişdir. Layihənin icrası müddətində suyun istehlakçılara çatdırılmasını təmin etmək üçün məhəllədaxili xətlərin vəziyyəti yoxlanılmış və abonentlər üçün sayğaclar quraşdırılmışdır.
“Azərsu” ASC-nin daxili maliyyə imkanları hesabına görülən işlər nəticəsində Sabir qəsəbəsində 3000-dən artıq insanın içməli su təminatı yaxşılaşdırılmışdır.