Balakənlilər Novruz bayramını böyük coşqu ilə qarşılayıblar
Balakən, 20 mart, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın ən əziz bayramlarından olan Novruz Balakən rayonunda böyük coşqu ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Balakən şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında keçirilən ümumrayon şənliyi bayram tonqalının alovlandırılması ilə başlanıb.
Sonra rayon rəhbərliyi və qonaqlar parkda xalqımızın milli adət-ənənələrini özündə əks etdirən sərgilərlə tanış olub, el sənətkarlarının əl işlərinə baxıblar.
Tədbirdə qədim adət-ənənələrimizdən olan Novruzun xalqımız tərəfindən həmişə böyük sevinc və coşqu ilə qarşılandığı qeyd olunub, bu bayramın yüksək səviyyədə keçirilməsində Ulu Öndərin xidmətləri xüsusi vurğulanıb. Bildirilib ki, bu ənənə indi də davam etdirilir.
Bayram tədbiri konsert proqramı ilə davam edib.