MƏDƏNİYYƏT
Balet artisti Timur Əsgərov Romeo rolunda çıxış edəcək
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də və 30-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində Sergey Prokofyevin “Romeo və Cülyetta” baleti nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, sentyabrın 28-də səhnə əsərində Romeo obrazını gənc balet artisti Timur Əsgərov canlandıracaq.
Baletin premyerası 1940-cı ildə Leninqradda S.Kirov adına Opera və Balet Teatrında (Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) olub.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. O, 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.