“BANK RESPUBLİKA”NIN 16 YAŞI TAMAM OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, “Bank Respublika”nın fəaliyyətə başlamasından 16 il keçir. Bu illər ərzində qurum Azərbaycanın aparıcı banklarından birinə çevrilmişdir.
Bankın səhmdarları sırasına Almaniyanın KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkətinin və “Sparkassen-Finanzgruppe” üzvü SIDT daxildir. Bu təşkilatlar “Bank Respublika”nın səhmdar kapitalının “25 faiz+1 səhm” paketinə sahibdirlər.
“Bank Respublika” “Moody`s Investors Service” beynəlxalq reytinq agentliyinin “pozitiv” proqnozlu B2 reytinqinə malikdir. Bank Azərbaycanda beynəlxalq reytinq alan ilk banklardandır.
Hazırda “Bank Respublika” müştərilərə hesablaşma-kassa xidmətləri, istehlak, ipoteka və biznes kreditləri, əmanətlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, yol çekləri, bank seyflərinin icarəsi, İnternet-Bank xidməti və sair xidmətlər göstərir.
Bu maliyyə qurumu müxtəlif beynəlxalq və xarici təşkilatlarla sıx əməkdaşlıq edir. Əməkdaşlığın əsas istiqamətlərindən biri də sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə proqramların həyata keçirilməsidir. Ümumilikdə bu proqramlar üzrə bank üçün 120 milyon ABŞ dollarından çox məbləğdə kredit xətləri ayrılmışdır.
Bank Respublika Sahibkarlığa Yardım Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə də əməkdaşlıq edir. Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır. Qiymətli kağızlar bazarında fəaliyyət göstərən və Bakı Fond Birjasının səhmdarlarından olan “Respublika İnvest” MMC-nin təsisçisi və “Bakı Sığorta” şirkətinin əsas səhmdarıdır. MasterCard İnternational və VISA İnternational beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Western Union, Coinstar, Contact, Migom, PrivatMoney, Bıstraya Poçta, Blizko, Xpress Money və Allür təcili pul köçürmə sistemlərinə qoşulmuş müxtəlif yerli və xarici banklarla müxbir əlaqələri yaratmışdır.
Hazırda Bakı, Gəncə, Sumqayıt, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Masallı, Yevlax, Bərdə, Şəmkir və Göyçay şəhərlərində 16 filial və 8 şöbədən ibarət xidmət şəbəkəsinə malikdir.
“Bank Respublika” Ofis24 layihəsi çərçivəsində Azərbaycanda fiziki şəxslərə həftənin bütün günləri 24 saat fasiləsiz bank xidməti göstərən yeganə bankdır. Onun məcmu kapitalı 34,1 milyon manat, aktivləri isə 288 milyon manat təşkil edir.