İQTİSADİYYAT
“BANK STANDARD”DAN “TƏCİLİ PUL YARDIMI” XİDMƏTİ
Bakı, 18 avqust (AZƏRTAC). “Bank Standard” qızıl və platinum kart sahiblərinə “Təcili pul yardımı” xidməti tətbiq etməyə başlamışdır.
“Bank Standard”dan AZƏRTAC-a bildirmişlər ki, bu qurum tərəfindən göstərilən “Təcili pul yardımı” xidməti ölkədə ilk xidmət növüdür. “Gold” və “Platinum” plastik kart sahibləri üçün nəzərdə tutulan bu xidmət sayəsində ölkə xaricində kartını itirmiş və ya oğurlatmış müştərilər “Bank Standard”dan yardım alacaqlar. Plastik kartın itirildiyi və ya oğurlandığı halda müştərinin kart üzrə qalığı onun ilk müraciəti əsasında “Western Union” təcili pul köçürmə sistemi vasitəsilə olduğu ölkəyə göndəriləcəkdir.
Bu xidmətdən istifadə etmək üçün müştərilərdən bankın məlumat mərkəzinin (+994 12) 158 nömrəli telefonuna zəng etmək xahiş olunur. Operatorun suallarına cavab verdikdən sonra müştərinin köçürməsi bank tərəfindən icra edilir və müştəri ilə əlaqə saxlanılaraq ona sistem üzrə köçürmə kodu verilir. Köçürülən pulu müştəri həmin kod vasitəsilə nağd olaraq “Western Union” sisteminin istənilən xidmət məntəqəsindən ala bilər.