DÜNYA
Barak Obama bəyan etmişdir ki, ABŞ ilə Yaponiya arasında təhlükəsizlik haqqında müqavilə Senkaku adalarına da aiddir
Tokio, 24 aprel (AZƏRTAC). Yaponiyada dövlət səfərində olan Prezident Barak Obama bəyan etmişdir ki, ABŞ ilə Yaponiya arasında təhlükəsizlik haqqında müqavilə Senkaku adalarına da aiddir. ABŞ Prezidenti ilk dəfədir ki, belə bəyanatla çıxış etmişdir.
B.Obama aprelin 24-də Tokioda Yaponiyanın Baş naziri Şinzo Abe ilə yüksək səviyyəli görüşdən sonra keçirilmiş birgə mətbuat konfransında çıxış etmişdir.
İki ölkənin liderləri təqribən 90 dəqiqə ərzində Yaponiya-ABŞ alyansı və Trans-Sakit okean Tərəfdaşlığı çərçivəsində azad ticarət barədə razılaşma da daxil olmaqla, çox geniş mövzular ətrafında fikir mübadiləsi aparmışlar.
B.Obama bildirmişdir ki, iki ölkə arasında təhlükəsizlik haqqında müqavilənin 5-ci maddəsi Senkaku adaları da daxil olmaqla Yaponiyanın inzibati idarəetməsinə daxil olan bütün əraziləri əhatə edir. Müqavilənin 5-ci maddəsinə əsasən, ABŞ Yaponiyanı müdafiə etməlidir.
B.Obama qeyd etmişdir ki, ABŞ adalar üzərində suverenliyin təmin edilməsi ilə bağlı hər hansı tərəfin xeyrinə mövqe nümayiş etdirmir, lakin adaların tabelik məsələsi birtərəfli qaydada həll oluna bilməz.
ABŞ Prezidenti müvafiq məsələnin sülh yolu ilə həllinin zəruriliyini vurğulamışdır.
Məlum olduğu kimi, Yaponiya Şərqi-Çin dənizində yerləşən Senkaku adalarına nəzarət edir. Lakin Çin və Tayvan da həmin adalara iddialıdırlar. Yaponiya hökumətinin mövqeyinə görə, adalar həm tarixi, həm də beynəlxalq hüquq normaları baxımından bu ölkənin ayrılmaz tərkib hissələridirlər. Hökumət təsdiq edir ki, adalar üzərində suverenitet problemi ümumilikdə yoxdur və onun həlli də mövcud deyildir.
Yaponiyanın Baş naziri Çinin dənizdə fəallığını artırması məsələsinə toxunmuşdur. Ş.Abe bəyan etmişdir ki, B.Obama Asiya-Sakit okean regionunun qanun çərçivəsində azad və açıq inkişafına Çinin də cəlb edilməsi barədə birgə səylərin artırılmasını dəstəkləyəcəyini bildirmişdir.
Ş.Abe, həmçinin bildirmişdir ki, status-kvonun güc yolu ilə dəyişdirilməsinin qarşısının alınması barədə tərəflər arasında razılıq əldə edilmişdir. Yaponiyanın Baş nazirinin sözlərinə görə, hər iki ölkənin liderləri Çinə münasibətdə siyasətin müəyyən olunmasında sıx əməkdaşlıq edəcəklərini təsdiq etmişlər.
Trans-Sakit okean Tərəfdaşlığı barədə razılaşmaya toxunan Ş.Abe bəyan etmişdir ki, hər iki ölkə məsələnin həllinin tezliklə tapılması üçün danışıqları davam etdirəcəklər.
ABŞ Prezidenti bəyan etmişdir ki, Yaponiyanın kənd təsərrüfatı və avtomobil bazarına girişdə yaranan məhdudiyyətlər də daxil olmaqla digər məsələlərin həlli vaxtı artıq çatmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio