İQTİSADİYYAT
Baş icraçı direktor: 2024-cü ildə “Petkim”in istehsal həcmi 2 milyon tona çatıb
İstanbul, 6 yanvar, Günel Karatepe, AZƏRTAC
Azərbaycandan İtaliyaya qədər uzanan 3500 kilometrlik Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Cənub Qaz Dəhlizinin ən mühüm hissəsi olan TANAP-la nəql edilən qazın ümumi həcmi 2024-cü il dekabrın 31-də 73,54 milyard kubmetrə çatıb. TANAP Avropa və Türkiyənin təbii qaz ehtiyatlarının müxtəlifliyinin artırılması ilə yanaşı, Türkiyəni enerji dəhlizinə çevirmək istiqamətində bu günə qədər atılmış ən strateji addımlardan biridir. 2020-ci il dekabrın 31-dən etibarən ilk kommersiya qazını Avropaya çatdıran bu layihə çərçivəsində nəql edilən 16 milyard kubmetr təbii qazın 6 milyard kubmetri Eskişehir və Trakyadakı iki nöqtədən milli şəbəkəyə qoşularaq Türkiyədə istifadə olunur. 10 milyard kubmetr təbii qaz isə TAP vasitəsilə Avropaya çatdırılır.
AZƏRTAC xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin 2024-cü ildəki fəaliyyəti və qarşıdakı hədəflərinə dair keçirilən mətbuat konfransında baş icraçı direktor Elçin İbadov bildirib.
Onun sözlərinə görə, TANAP-ın Türkiyə-Yunanıstan sərhədində TAP ilə birləşməsindən sonra Azərbaycan qazı Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya çatır. 16 milyard kubmetr olan xəttin ötürmə qabiliyyətinin əlavə investisiyalarla 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Regionun ən uzun (1811 km) və ən böyük diametrli (56) təbii qaz kəməri olan TANAP quruda 2760 metr hündürlükdən, dənizdə isə 67,5 metr dərinliyə qədər uzanan marşrut üzərində tikilib.
Qeyd olunub ki, Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsi olan “Petkim” 48 ölkəyə ixracat həyata keçirir və 2024-cü ildə istehsal həcmi 2 milyon tona çatıb. “Petkim Liman” Modernizasiya layihəsinə 70 milyon ABŞ dolları, “Petkim Tullantı Su Qurğusunun İnkişafı” layihəsinə isə 20 milyon dollar sərmayə qoyulub. Qurumun 15 əsas istehsal müəssisəsi 3,6 milyon ton maksimum istehsal gücünə malikdir və burada 60-a yaxın müxtəlif növ məhsul istehsal olunur.
“Petkim” Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının təxminən 10,8 faizini qarşılayır. “SOCAR Türkiyə”nin həyata keçirdiyi layihələrlə məşğulluğa verdiyi töhfələrə toxunan baş icraçı direktor burada 2446 nəfərin işlədiyini, podratçılar da daxil olmaqla, ümumi işçi qüvvəsinin 5 min nəfərdən artıq olduğunu bildirib.
Qurumun fəaliyyətinin mərhələlərindən danışan Elçin İbadov, həmçinin qeyd edib ki, “Petkim” 2020-ci ildə Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” platformasına seçilib və 2022-ci ilin sonunda 6,5 milyard Türkiyə lirəsi (TL) ilə 58 illik tarixinin xalis mənfəət rekordunu qırıb. 2023-cü ildə “Petkim” TİM-in (Türkiyə İxracatçılar Məclisi) “Ən Yaxşı 1000 İxracatçı” siyahısında 40-cı yeri tutub. Bərpaolunan enerji potensialından səmərəli istifadə məqsədilə 2017-ci ildə 51 meqavat gücündə “Petkim Külək Elektrik Stansiyası” (KES) istifadəyə verilib. “Petkim” 2023-cü ildə Egey Zonası Sənaye Palatasının (EBSO) “100 Ən Böyük Şirkət” siyahısında üçüncü yeri tutub. Egey İxracatçıları Birliklərinin (EIB) “2023 İxracatın ulduzları” siyahısına görə həm ümumi, həm də kimya kateqoriyasında birinci olan “Petkim” İstanbul Sənaye Palatasının (İSO) hazırladığı "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2023" siyahısında istehsaldan satışa görə 35,9 milyardlıq satışla 30-cu sırada yer alıb. “Petkim” Türkiyənin ən böyük 500 şirkətinin sıralandığı “FORTUNE 500 Türkiyə 2023” araşdırmasında 36-cı yeri tutub.