CƏMİYYƏT
Baş Prokurorluq: Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 43 nəfər həlak olub, 214 nəfər xəsarət alıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 14-ü saat 12:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 43 nəfər həlak olub, 214 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1505 ev, 66 çoxmənzilli yaşayış binası və 277 mülki obyekt yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.