CƏMİYYƏT
Baş Prokurorluq tərəfindən beynəlxalq əməkdaşlıq sahəsində əlaqələr uğurla inkişaf etdirilir
Bakı, 15 noyabr, AZƏRTAC
Prokurorluq əməkdaşlarının beynəlxalq təcrübəni öyrənməklə peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və əldə edilmiş biliklərin təcrübədə tətbiq olunması istiqamətində işlər davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə prokurorluq əməkdaşlarının beynəlxalq təlim kurslarında, konfranslarda, seminarlarda və digər tədbirlərdə iştirakı təmin olunur.
Tədbirlərin davamı olaraq, bu ilin noyabr ayı ərzində Baş Prokurorluğun əməkdaşları bir neçə ölkədə beynəlxalq səviyyəli tədbirlərə qatılıblar. Belə ki, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə, Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov və Astara Rayon Prokurorluğunun müstəntiqi Tərlan Həmidov Monteneqronun Budva şəhərində “Transsərhəd mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə prokurorların beynəlxalq forumu” adlı hibrid Multi-TAİEX seminarında iştirak ediblər. Tədbirdə transsərhəd mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və ağır cinayətlərə qarşı mübarizədə “Eurojust” və “Europol”un rolu müzakirə edilərək Avropa İttifaqının ən yaxşı təcrübələri istiqamətində fikir mübadiləsi aparılıb.
Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Zəfər Ramazanov Avropa Şurasının Kibercinayətkarlıq üzrə Proqram Ofisi və Avropa İttifaqının Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyinin (Eurojust) təşkilatçılığı ilə Niderland Krallığının Haaqa şəhərində təşkil olunmuş seminarda iştirak edib. Seminar zamanı maddi gəlir əldə etmək məqsədi ilə törədilən kiberhücumlar, habelə kibercinayətkarlığın müxtəlif formaları barədə müzakirələr aparılıb.
Həmçinin Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Nigar Yahyazadə Kosta Rika Respublikasının paytaxtı San-Xose şəhərində Avropa İttifaqı və Avropa Şurasının birgə maliyyələşdirdiyi Kibercinayətkarlıq üzrə Qlobal Tədbirlər (Global Action on Cyber Action Extended - GLACY) layihəsi çərçivəsində təşkil edilmiş “Kibercinayətkarlığın qarşısının alınması, istintaqı və mühakiməsində qadınların rolu” mövzusunda olan beynəlxalq konfransa qatılıb.