Baş prokurorun müavini: Bakı 2026-cı ildə İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurumlarının yüksəksəviyyəli görüşünə ev sahibliyi edəcək VİDEO

Bakı, 22 may, G.Mahmudlu, A.Haqverdiyeva, AZƏRTAC
Azərbaycan hökuməti korrupsiya ilə mübarizənin qarşısında güclü iradə qoyub. Ölkənin bu sahədəki hüquqi təşəbbüsləri və antikorrupsiya tədbirləri qlobal səviyyədə dəstək tapıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyatlar Şəbəkəsinin - GLOBE Network - 6-cı Plenar iclasının bağlanış mərasimində deyib.
Bundan əlavə, Baş prokurorun müavini qeyd edib ki, ötən il noyabrın 26-sı və 27-si Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci yüksəksəviyyəli görüşündə Azərbaycan İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurum rəhbərlərinin bürosunun sədr müavini seçilib.
Həmçinin 2026-cı ildə keçiriləcək növbəti sessiya və yüksəksəviyyəli görüşə ev sahibliyi etmə hüququ Azərbaycana həvalə olunub.
Qeyd edilib ki, Bakıda keçirilən GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasında üç gün ərzində dünyanın 90-dan çox ölkəsindən gələn 300-dən artıq nümayəndə yeni texnologiyaların hüquq-mühafizə orqanlarına təsiri, ekoloji cinayətlərin qarşısının alınması və oğurlanmış aktivlərin bərpası kimi aktual mövzular üzərində müzakirələr aparıb.