CƏMİYYƏT
Baş redaktor: “AnewZ” qərəzsiz, neytral və regional perspektivi təqdim edən alternativ xəbər kanalıdır VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
“AnewZ” beynəlxalq auditoriyanın axtardığı qərəzsiz, neytral və regional perspektivi təqdim edən alternativ xəbər kanalıdır. Beynəlxalq media təmsilçisi olaraq, yüksək redaksiya standartları və etibarlı xəbər mənbəsi olmaq əsas məqsədlərimizdəndir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “AnewZ” beynəlxalq televiziya kanalının baş redaktoru Qay Şoun bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı söyləyib.
Q.Şoun bildirib ki, 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan “AnewZ” peyk, rəqəmsal, sosial media kanalları vasitəsilə izlənilə bilər: “Böyük Britaniya, ABŞ, İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, İordaniya, Nigeriya, Zambiya və digər ölkələrdən media sahəsində geniş təcrübəsi olan jurnalistlər yaradıcı heyətə daxildirlər”.
“Beynəlxalq ingilisdilli kanal kimi “AnewZ” yüksək jurnalistika standartlarını, o cümlədən beynəlxalq və yerli istedadları bir araya gətirir. Kanalın əsas məqsədlərindən biri də Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafına töhfə verməkdir”, - deyə Qay Şoun əlavə edib.
Q.Şoun diqqətə çatdırıb ki, kanalın təqdim etdiyi materiallar yalnız məlumat verməklə kifayətlənmir, həm də tamaşaçılar üçün regionun siyasi, iqtisadi və sosial aspektlərini əhatə edən dərindən düşünülmüş perspektivlər təqdim edir.
Onun sözlərinə görə, “AnewZ” sosial media platformalarında geniş təmsil olunacaq. “Xəbərlərimiz və analizlərimiz “YouTube”, “Facebook”, “X”, “Instagram” kimi platformalar vasitəsilə yayımlanacaq, beləliklə izləyicilərimiz xəbərlərə müxtəlif rəqəmsal kanallardan sürətli və rahat çıxış əldə edəcək”, - deyə baş redaktor bildirib.
Q.Şoun əlavə edib ki, “AnewZ” qlobal media platformasına daxil olmağı hədəfləyir.