Batumidə “Böyük İpək Yolunda ulduzunu tap” beynəlxalq musiqi festivalı keçiriləcək
Tbilisi, 7 may, AZƏRTAC
Bu ilin avqustunda Gürcüstanın Batumi şəhərində “Böyük İpək Yolunda ulduzunu tap” adlı ilk beynəlxalq musiqi festivalı keçiriləcək.
Bu mötəbər musiqi yarışmasında Azərbaycanı gənc müğənni Emilya Yaqubova təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə "Disconet Silk Road Star Georgia" təşkilatının nümayəndələri bu gün keçirdikləri brifinqdə məlumat veriblər.
Bildirilib ki, festivalda Gürcüstan, Azərbaycan, Çin, Türkiyə, Yunanıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, bəzi Şərqi Avropa ölkələri də daxil olmaqla 14 dövlətin nümayəndəsi iştirak edəcək.
Avqustun 25-dən sentyabrın 1-dək Batumidə keçiriləcək musiqi festivalının əsas məqsədi ölkələr arasında mədəni əlaqələri inkişaf etdirmək, gənc istedadları üzə çıxarmaqdır.
Festivalda iştirakçılar üç mərhələdə mübarizə aparacaqlar. Onlar əvvəlcə dünya xit mahnılarını, sonra öz ölkələrinin, sonda isə Gürcüstan mahnılarını ifa edəcəklər.
Festivalda birinci yeri qazanan gənc müğənni 10 min dollar mükafat alacaq. İkinci yerin sahibinə pulsuz Avropa ölkələrinə tur paketi təqdim olunacaq. Üçüncü yerin qalibi də mükafatsız qalmayacaq.
Təşkilatın rəhbəri Nino Şalamberidze deyib ki, festivalda iştirakla bağlı qeydiyyat artıq başa çatıb. Festivalda 18-35 yaş arasında gənclər iştirak edəcəklər. Buna baxmayaraq təşkilat komitəsinə müraciətlər daxil olur. Qeydiyyat başa çatdığı üçün onlar festivalda yalnız qonaq qismində iştirak edə bilərlər. Amma onlar indidən gələn ilki festivala yazılırlar.
N.Şalamberidzenin sözlərinə görə, 2019-cu ildə ikinci festivalı qəbul etmək istəyən ölkələr də var. Lakin hələlik yalnız bir ölkənin namizədliyi var, o da Azərbaycandır. Bu istiqamətdə məsləhətləşmələr davam edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi