İQTİSADİYYAT
Batumidə xidmətlərin göstərilməsində informasiya texnologiyalarının tətbiqi müzakirə edilir
Bakı, 22 sentyabr (AZƏRTAC). Sentyabrın 22-də Gürcüstanın Batumi şəhərində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Avropa Komissiyasının dəstəyi ilə “Korrupsiyanın aradan qaldırılmasında və effektivliyin gücləndirilməsində dövlət orqanlarında xidmətlərin göstərilməsinin rolu” mövzusuna həsr olunmuş regional seminar işə başlamışdır. Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hüquq və kadrlar şöbəsinin əməkdaşı Zaur Qəmbərovun təmsil etdiyi tədbirdə dövlət orqanlarında xidmətlərin göstərilməsində səmərəli üsullar müzakirə olunur. Seminarda xidmətlərin göstərilməsinin yaxşılaşdırılmasında və korrupsiyanın qarşısının alınmasında əsas meyar kimi informasiya-kommunikasiya texnologiyalarına xüsusi diqqət yetirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları regionun digər ölkələrində dövlət orqanlarında xidmətlərin, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə bağlı vəziyyətlə tanış ola, bu istiqamətdə öz fikirlərini bölüşə, eləcə də işgüzar əlaqələr qura və faydalı təcrübə əldə etmək imkanından yararlana bilərlər.
Seminar sentyabrın 24-dək davam edəcəkdir.