BDU-da yaz imtahan sessiyası davam edir
Bakı, 17 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir. Bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00 - 13:00 və saat 14:00 - 17:00), magistratura səviyyəsi üzrə saat 14:00-dan 17:00-dək keçirilir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, iyunun 17-də bakalavriat səviyyəsində 240 qrup üzrə 5362, magistratura səviyyəsində 74 ixtisaslaşmada 521 tələbə imtahan verir. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2025-cü il iyul ayının 3-dən 7-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir.