ELM VƏ TƏHSİL
BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində üç ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir
Bakı, 6 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 9 kafedra və 2 kompüter laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Fakültədə Tətbiqi riyaziyyat, Riyazi fizika tənlikləri, İnformasiya texnologiyaları və proqramlaşdırma, Riyazi kibernetika, Optimallaşdırma və idarəetmə, Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi, İqtisadi kibernetika, Tətbiqi analizin riyazi üsulları, İnformatika kafedraları fəaliyyət göstərir.
Bakalavriat səviyyəsində üç ixtisas – kompüter elmləri, informatika müəllimliyi və informasiya təhlükəsizliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
Kompüter elmləri ixtisası üzrə məzunlar IT mütəxəssisi, proqram təminatı analitiki, riyaziyyat müəllimi, proqramçı, tətbiq sistemləri inzibatçısı, riyaziyyat mühəndisi, kompüter modelinin tərtibçisi, verilənlər bazası dizayneri, riyazi modelləşdirmə mütəxəssisi kimi işləyə bilərlər.
İnformatika müəllimliyi ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) informatika fənnini yüksək peşəkarlıqla tədris edə bilərlər.
İnformasiya təhlükəsizliyi ixtisası əmək bazarında ən çox tələbat olan ixtisaslardandır. Bu ixtisası bitirən məzunlar informasiya təhlükəsizliyi üzrə qurumlarda müxtəlif vəzifələrdə (verilənlər bazası və vebsayt administratoru, sistem inzibatçısı, mütəxəssis, analitik, informasiya təhlükəsizliyi laboratoriyasının əməkdaşı, IT layihəsinin meneceri və s.) işləyə bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.