ELM VƏ TƏHSİL
BDU və Əmlak Məsələləri Dövlət Xidməti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 25 may, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq müqaviləsini rektor Elçin Babayev və Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov imzalayıblar.
İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev əməkdaşlığın qurulmasında göstərdikləri dəstəyə görə iqtisadiyyat naziri Mikayıl Cabbarova və Xidmətin rəisi, eyni zamanda, universitetin məzunu Mətin Eynullayevə minnətdarlığını bildirib.
Rektor qeyd edib ki, müasir dövr dövlət və təhsil qurumlarının qarşısına yeni tələblər qoyur, innovativ layihə və proqramların qəbulunu zəruri edir. Hazırda BDU-nun Coğrafiya fakültəsində geodeziya və xəritəçilik mühəndisliyi bakalavr ixtisası, ərazi planlaşdırılması və rayon plana alınması magistratura ixtisaslaşması, ekologiya və torpaqşünaslıq fakültəsində isə Yer quruluşu, torpaq və şəhər kadastrı bakalavr ixtisası, yerquruluşu və torpaq müfəttişliyi və torpaq kadastrı kimi magistratura ixtisaslaşmaları mövcuddur. Yüzlərlə gənc bu ixtisas və ixtisaslaşmalarda uğurla təhsil alır. Bu, BDU ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında əməkdaşlığa marağın daim artacağını söyləməyə əsas verir.
Elçin Babayev ölkənin bütün regionlarında, o cümlədən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun işğaldan azad etdiyi Qarabağda geniş quruculuq işlərinin aparıldığını bildirib. Bütün bunlar yüksəkixtisaslı peşəkar mütəxəssislərə tələbatı daim gündəmdə saxlayır. Rektor tərəflərin qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin müvafiq sahədə bilik və bacarıqlarının formalaşdırılması istiqamətlərində əməkdaşlıq edəcəklərini deyib. Müqavilə innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını, universitet məzunlarının Xidmətin ehtiyat bazasına daxil edilərək müvafiq vakant yerlərə təcrübəçi və işçi kimi cəlb edilməsi üçün tədbirlərin görülməsi və digər bu kimi məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir. Birgə əməkdaşlıq platformasının hazırlanması, müvafiq sahədə innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması ilə bağlı maddələr də müqavilədə öz əksini tapıb.
Xidmətin rəis müavini Rüstəm Şahbazov isə çıxışında Azərbaycanın ən qədim təhsil ocağı olan BDU ilə əməkdaşlığın faydalı olacağını vurğulayıb. Qeyd edib ki, əməkdaşlıq müqaviləsi elmdən praktikaya keçidi təmin edəcək, bunun nəticəsində BDU-nun gələcək məzunları daha peşəkar və hazırlıqlı olacaqlar.
Rüstəm Şahbazov bildirib ki, bu müqavilə Xidmətin kadr potensialının formalaşmasına, şəhərsalma, ekologiya, iqtisadiyyat sahələri üzrə mütəxəssislərin yetişməsinə və BDU məzunlarının gələcəkdə işlə təmin olunmasına da yardım göstərəcək.